Fev 10, 2023 21:13 Asia/Baku
  • Türkiyə zəlzələsi Bakıda əmlak bazarına təsir edib

Türkiyədə minlərlə insanın ölümü və yaralanması ilə nəticələnən zəlzələ Azərbaycanın əmlak bazarına da təsirsiz ötüşməyib.

SəhərAzəri-nin məlumatına əsasən, Modern.az "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimova istinadla bu məlumatı dərc edib. Onun sözlərinə görə, hazırda əmlak bazarında durğunluq hökm sürür:

“İnsanlar kənara çəkilib, gözləmə mövqeyi tuturlar. Buna səbəb Türkiyədə baş verən zəlzələ ilə bağlıdır. İnsanları Azərbaycanda bu istiqamətdə hansı qəraraların qəbul olunub, həyata keçiriləcəyi maraqlandırır”,-Nüsrət İbrahimov deyib.

Ekspert onu da əlavə edib ki, mənzilə olan tələbatın böyük hissəsi gənclərə aid olduğuna görə, onlar şəhər kənarı həyət evlərində deyil, şəhər daxilindəki mənzillərdə yaşamaq məcburiyyətindədirlər və məhz buna görə də, durğunluq çox çəkməyəcək.   

"Onlar gedib ucqar yerlərdə həyət evi alan deyillər. Çünki bu insanlar işə gedib gəlirlər, uşaqlarını məktəbə, bağçaya aparırlar. Bir sözlə, aktiv həyat tərzi keçirirlər. Ona görə də, həmin şəxslər şəhər mərkəzində ev sahibi olmağı arzulayırlar”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal və 7,6 bal gücündə iki zəlzələ nəticəsində minlərlə bina yerlə yeksan olub. Zəlzələ on minlərlə insanın həlak olması və yaralanması ilə nəticələnib. Türkiyə hələ zəlzələnin fəsadlarını aradan qaldırmaqla məşğul olsa da bəzi türkiyəli siyasətçi və ekspertlər, Türk şirkətləri tərəfindən inşa edilmiş çoxmərtəbəli binaların çökməsinə görə həmin şirkətlərin cinayət işinə cəlb olunmalarını vurğulayırlar. Onlar Türkiyənin inşaat standartlarına diqqət çəkərək, binaların bu kimi güclü zəlzələlər qarşısında tab gətirməli olduğunu bildirir, uçqunları inşaat prossesində yeyintilərlə əlaqələndirirlər.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bu ölkədə xüsusiylə paytaxt Bakıda Türkiyənin tikinti şirkətləri fəaliyyətə cəlb olundular. Bakıdakı binaların əksəriyyətinin bu şirkətlər tərəfindən inşa edildiyi bildirilir. Türkiyədə baş verən son zəlzələnin geniş dağıntıları Bakıda əhalinin həmin binaların zəlzələ qarşısında iddia olunduğu qədər müqavət göstərə biləcəyi barədə şübhələnməsinə səbəb olub.

 

 

 

 

Teqlər