9 mərtəbədən çox binaların tikintisi dayandırılır?
Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Deputatı Vahid Əhmədov sözlərinə görə, hündürmərtəbəli yaşayış binalarının tikintisinin dayandırılması üçün plan hazırlanıb.
"Məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var. Plana əsasən, ölkə ərazisində 9 mərtəbədən artıq binalar tikilməyəcək. Azərbaycan və Türkiyə seysmik zonada yerləşdiyi üçün bu cür qərarların verilməsi normal haldır. Həmçinin, binaların tikintisi zamanı elə mexanizm qurulmalıdır ki, Yaponiyada olduğu kimi dağıdıcı zəlzələlərə dözümlü olsun. Bütün bu kimi məsələlərə ciddi nəzarət olunmalıdır", - deyə Vahid Əhmədov bildirib.
Sputnik Azərbaycan bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib. Həmin komitənin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, hazırda paytaxtda yaşayış binalarında mərtəəbəllik ərazi planlaşdırılma sənədlərinə və ərazi sıxlıq əmsallarına uyğun müəyyən edilir. Onun sözlərinə görə, əgər ərazinin planlaşdırma sənədləri, eləcə də sıxlıq əmsalları daha hündür mərtəbəli binanın inşa edilməsinə imkan verirsə mərtəbə sayına məhdudiyyət tətbiq edilmir.
Memar Cahid Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında Bakının seysmik ərazi olduğunu əsas gətirib binalarda mərtəbə sayını məhdudlaşdırmağın qəbuledilməz olduğunu deyib.
"Yaponiyada seysmik fon Bakıdan dəfələrlə yüksəkdir. Orada 50 mərtəbədən hündür binalar inşa olunur. Zəlzələ zamanı o binalar uçub dağılmır. demək ki. binanın tikilişi layihəyə uyğun aparılmalıdır. Çoxmərtəbəli binaların zəlzələ zamanı təhlükəli olduğu barədə şaiyələr əsassızdır".
Qeyd edək ki, Türkiyədə 45 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra Azərbaycanda da ciddi nigaranlıqlar yaranıb. Binaların ehtimal olunan zəlzələyə nə dərəcədə tab gətirə bilməsi ilə bağlı ciddi şübhələrlə yanaşı hündürmərtəbəli binaların tikintisinin dayandırılması barədə bir çox təkliflər irəli sürülüb.