Mart 17, 2023 21:29 Asia/Baku
  • Deputatlar: Ölkəni tənəzzül gözləyir - İnhisarçılıq mövcuddur

Azərbaycan Respublikası parlamentinin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputatlar Qüdrət Həsənquliyev və Vahid Əhmədov ölkədəki iqtisadi durumu tənqid edərək hökuməti islahata çağırıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Deputat Qüdrət Həsənquliyev Ümumdünya Ticarət Təşkilatına üzvlüyün yubadılmasına diqqət çəkib:

“Niyə özəlləşdirilmə aparılmır ki, insanlar özəl yerlərdə çalışıb daha yüksək əmək haqqı alsınlar. Dövlət müəssisələrinin nə qədər vergi ödədikləri barədə hökumətin hesabatında məlumat yoxdur. Bu, dövlət müəssisələrinin nə qədər səmərəli fəaliyyət göstərdiyini nümayiş etdirərdi. Niyə Ümumdünya Ticarət Təşkilatına üzv olmuruq? Bütün qonşularımız bu təşkilata üzvdür. Bu, hər dəfə uzadılır. Xarici banklar Azərbaycana buraxılmalıdır ki, sahibkarların banklara daha az faizlə çıxışı olsun”,- Qüdrət Həsənquliyev deyib.

Deputat Azərbaycanda İqtisadiyyatın əsas sahəsinin dövlətin nəzarətində olduğunu xatırladıb və bazar iqtisadiyyatına keçidin vacibliyini vurğulayıb: “Hökumət hələ də dövlət səhmlərini satıldığı normal birja yarada bilməyib ki, insanlar həmin səhmləri almaqla pul qazansın, pul evlərdə saxlanılmasın. Hökuməti daha ciddi islahatlara çağırıram. Neftin qiyməti düşərsə, Azərbaycanı yeni devalvasiya və iqtisadi tənəzzül gözləyir”, - deputat bildirib.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov isə bazardakı durumu tənqid edib:

“Bazarda inhisarçılıq mövcuddur. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Rəqabət Məcəlləsi Milli Məclisə daxil olmayıb”,- Vahid Əhmədov deyib.

Deputat bildirib ki, həm ərzaq, həm gündəlik tələbat malları, həm də dərmanların qiymət artımı kifayət qədər yüksəkdir:

“Hiss olunur ki, qiymətlərin artması hələ müşahidə ediləcək. Qiymət artımını nə qədər idxal inflyasiyası ilə əlaqələndirsək də, burada əsas süni qiymət artımının qarşısının alınmasından söhbət gedir”,- Parlamentin üzvü deyib.

 Vahid Əhmədova görə bu sahədə antiinflyasiya tədbirləri daha da genişləndirilməlidir,

Teqlər