QMİ Hacı Şahinin yetirmələrindən imtina edir?
Məşədi Dadaş məscidinin axundu məşhur ilahiyatçı Hacı Şahin Həsənlinin vəfatından sonra görünən odur ki, QMİ onun yetirmələrini bu məscidə axund təyin etmək istəmir.
SəhərAzəri-nin məlumatına əsasən, Hacı Şahinin vəfatından sonra onu ilk əvəzləyən şəxs yetirməsi Hacı Elbrus Kərimov oldu. Martın 10-da möminlər Məşədi Dadaş məscidində onun imaməti ilə cümə namazı qıldılar. O vaxt şiə cameəsinin sevdiyi və hörmət etdiyi gənc və savadlı ilahiyyatçı Hacı Elbrus Kərimovun Hacı Şahini əvəzləyəcəyi, Məşədi Dadaş məscidinə onun yerinə axund təyin olunacağı ilə bağlı məlumatlar yayıldı. Azərbaycan dili ilə yanaşı rus, ərəb və fars dillərini də yüksək səviyyədə bilməsi, Hacı Şahinin sağlığında tez-tez onun yaxın ətrafında görünməsi, mərhumun ən sevimli yetirmələrindən biri olması bu ehtimalı daha da artırdı. Amma QMİ martın 17-də cümə namazını ona deyil, Hacı Şahinin başqa bir yetirməsinə – Kərbəlayi Elmir Vəliyevə həvalə etdi. Təbii ki, bu qərar birmənalı qarşılanmadı və dindar çevrələrdə müzakirələrə yol açdı.
Hazırda martın 24-də Hacı Şahini hansı ilahiyyatçının əvəzləməsi böyük maraq doğurur.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, bununla bağlı QMİ rəhbərliyi arasında qeyri-müəyyənlik hökm sürür. Başda QMİ sədri Hacı Allahşükür Paşazadə olmaqla İdarənin rəhbər şəxsləri nədənsə Hacı Şahini əvəzləyəcək şəxsin kimliyi barədə qəti qərar verməyə çətinlik çəkirlər. Bu arada Mərhum Hacı Şahinin yetirmələri olan Hacı Elbrus Kərimov və Kərbəlayi Elmir Vəliyevin Məşədi Dadaş məscidinin axundu olmayacağı artıq dəqiqləşib. Ancaq Hacı Şahini əvəzləyəcək şəxsin kimliyi hələ ki bəli deyil.