KTMT-nin baş katibi Qarabağdakı vəziyyətlə bağlı xəbərdarlıq etdi
“Sabitliyin pozulması riski ciddidir”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Dağlıq Qarabağdakı gərgin vəziyyətdən qaynaqlanan sabitsizlik barədə xəbərdarlıq edib.
KTMT Katibliyi və Birləşmiş Qərargahının birgə iclasında çıxış edən İmanqali Tasmaqambetov bildirib ki, Dağlıq Qarabağ və Əfqanıstanda vəziyyət gərgin olaraq qalır və bu, KTMT ölkələrində “sabitliyin pozulması riskini” yaradır.
O qeyd edib ki, Dağlıq Qarabağdakı vəziyyət və Ermənistan-Azərbaycan sərhədi ilə bağlı risklər kövrək şərait yaranıb. Mərkəzi Asiya regionunda da vəziyyət gərgindir, ekstremist ideologiyanın və terrorçu qrupların KTMT müttəfiqlərinin ərazisinə soxulması təhlükəsi getdikcə artır”, - deyə o, təşkilatın çağırış və təhdidlərə qarşı durma mexanizmlərini təkmilləşdirməyə çalışdığını bildirib.
Digər tərəfdən KTMT Katibliyinin nümayəndəsi Yuri Şuvalov bildirib ki, KTMT Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə həmişə hazırdır. Onun sözlərinə görə, təşkilat Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqlarına uyğun olaraq Ermənistan-Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə, eləcə də digər yardımlar göstərməyə hər zaman hazırdır. KTMT rəsmisi əlavə edib ki, yardım mexanizmləri KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının qərar layihəsinə daxil edilib.
Xatırladaq ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir. Təşkilatın hazırkı baş katibi İmanqali Tasmaqambetovdur.