Apr 14, 2023 21:12 Asia/Baku
  • Azərbaycanın XİN sözçüsü: İttihamlar əsassız və qəbuledilməzdir

Azərbaycan Xarici İşlər Nazirliyi Baş nazir Nikol Paşinyanın səsləndirdiyi fikirlərə reaksiya verib.

SəhərAzəri-nin məlumatına əsasən, Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Nikol Paşinyanın Laçın istiqamətində baş vermiş son təxribatda məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atması, Azərbaycanı Praqa və Soçi görüşləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmaqda təqsirləndirməsi tamamilə əsassız və qəbuledilməzdir.

Ayxan Hacızadənin sözlərinə görə, Ermənistanın baş nazirin delimitasiya üçün 1991-ci il sərhəd xəttinin əsas götürülməsi ideyasını təkrarlaması qərəzli məqamları ehtiva edir. Baş nazir 1991-ci il sərhədləri dedikdə nələri nəzərdə tutulduğuna aydınlıq gətirməlidir.

Xatırladaq ki, Ermənistanın baş naziri aprelin 13-də hökumətin iclasında deyib: “Sərhəddəki vəziyyətin siyasi qiymətləndirilməsi baxımından 1991-ci il sərhədini vurğulayan Avropa Biriyinin aprelin 12-də yaydığı açıqlamanın əhəmiyyətli olduğunu düşünürəm. Söhbət 1991-ci il dekabrın 21-də Almatı bəyannaməsinə uyğun olaraq dövlət sərhədinə çevrilən Ermənistan SSR ilə Azərbaycan SSR arasında inzibati sərhəddən gedir. Avropa Birliyinin bəyanatında deyilir ki, bu sərhədə hörmət edilməlidir.”

Paşinyan deyib ki, Azərbaycanın destruktiv yanaşması belə bir qərara mane olur. “Bütün çətinliklərə baxmayaraq, biz bütün regional məsələlərin, Dağlıq Qarabağ münaqişəsinin və Ermənistan-Azərbaycan münasibətlərinin danışıqlar yolu ilə həlli siyasətinə sadiq qalmaqda davam edirik”, – deyə Baş nazir vurğulayıb.

 

Teqlər