Azərbaycanlı konfliktoloqdan bədbin proqnoz:
Elman Vəliyev: Sülh sazişinin Vaşinqton vasitəsilə əldə olunacağını ehtimal etmirəm
Konfliktoloq Elman Vəliyev Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən Vaşinqton görüşü zamanı əsas məsələlərdə hələ də razılıqların əldə edilmədiyini vurğulayıb.
SəhərAzəri-nin məlumatına görə, Sputnik Azərbaycan-a Vaşinqton görüşünün nəticələrini şərh edərkən konfliktoloq qeyd edib ki, yekun sülh sazişinin Vaşinqton vasitəsilə əldə olunacağı ehtimal edilmir. Çünki delimitasiya və demarkasiya, ərazi bütövlüyünün tanınması kimi məsələlərdə razılışma yoxdur.
Onun fikrincə, burada əsas dominant vasitəçilik Rusiyaya aiddir.
Konfliktoloq əlavə edib ki, Azərbaycan tərəfinin israrlı olduğu bir digər məsələdə Zəngəzur dəhlizinin açılması ilə bağlıdır.
"Ermənistan buna etiraz edir. Bu, Paşinyan hakimiyyətini dilemma qarşısında qoyub. Paşinyan bilir ki, Azərbaycanın tələblərini qəbul etmək Ermənistan daxilində siyasi böhranı dərinləşdirə, yekunda isə mövcud hakimiyyətin devrilməsinə gətirib çıxara bilər. Digər bir problemli məqam Rusiya sülhəramlılarının məsuliyyət zonasında yaşayan etnik ermənilərlə bağlıdır”, - deyə konfliktoloq vurğulayıb.
Onun sözlərinə görə, “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Sazişi sülh sazişi adlandırmaq doğru deyil. Cənubi Qafqazın bu gün dünyada gedən geosiyasi proseslərdə strateji önəmi hər kəsə bəllidir. Bölgədən önəmli nəqliyyat kommunikasiya xətləri keçir, eyni zamanda Avropa üçün vacib enerji qaynaqları və ötürücüləri də bu regionda yerləşir. Bu baxımdan vasitəçilik etmək istəyən tərəflərin də öz strateji maraqlarının olması danılmazdır.”