Atəşlər bu gün də davam edir
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun mövqelərinin Ermənistan ordusu və Qarabağdakı separatçılar tərəfindən 17 dəfə atəşə tutulduğunu bildirib.
Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi sakitlik hökm sürsə də ötən sutka ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın digər istiqamətlərdə yerləşən mövqeləri ümumilikdə 17 dəfə atəşə tutulub.
Məlumatda Azərbaycan ordusunun mövqelərinin Azərbaycan Respublikasının Rusiya Sülhməramlılarının nəzarətində olan ərazilərindən də 9 dəfə atəşə tutulduğu deyilir.
“Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 9 dəfə atəşə tutulub”,- məlumatda deyilir.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel toqquşmaların davamlı və ləyaqətli sülhə doğru əldə edilən tərəqqiyə xələl gətirdiyini bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da dünən Zod bölgəsində gedən toqquşmalara münasibət bildirərkən belə demişdi:
"Əlbəttə ki, biz tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməyə çağırırıq".
Dünən zodda gedən toqquşmalarda Azərbaycan Respublikasının bir əsgəri həyatını itirdi. Ermənistan tərəfindən isə 4 əsgərin yaralandığı bildirilir.