Rəsmi Bakı Makronun bəyanat verməsinə irad tutub
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Fransa Prezidentinin Moldovada keçirilən görüş barədəki bəyanatını yersiz və təhrif olunmuş hesab edib.
SəhərAzəri-nin məlumatına əsasən, xarici işlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Kişinyovda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib.
Hacızadə əlavə olaraq deyib: Fransa prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir.
Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir”, - XİN rəsmisi qeyd edib.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel isə beştərəfli görüş barədə tvittdə yazıb.
“Praqa və Brüssel görüşlərindən sonra biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün elementlərini müzakirə etməyə davam etdik”.Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel tviterdəki hesabına yazıb.
“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts ilə geniş müzakirəmiz oldu”, - Ş.Mişel vurğulayıb.
Şarl Mişel qeyd edib ki, öhdəlikləri yerinə yetirmək vacibdir.
“Biz həmçinin iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüşü də müzakirə etdik.
Oktyabrda Qranadada EPC sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Almaniya və Fransa liderləri ilə müzakirələrin davam etdirilməsi təklifini təsdiqlədik”, - Avropa İttifaqı Şurasının rəhbəri əlavə edib.
Azərbaycan Prezidentinin Mətbuat Xidməti isə yaydığı məlumatda beştərəfli görüşün bir saat yarım davam etdiyini bldirib.
Daha sonra isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü baş tutub.
Moldovada Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən beştərəfli qeyri-rəsmi görüşün detalları barədə Ermənistan tərəfi də məlumat yayıb.
Ermənistan hökumətinin mətbuat xidməti öz məlumatında bildirir:
“Görüşdə regional nəqliyyat və iqtisadi infrastrukturların blokadadan çıxarılması, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə işlər, münasibətlərin tənzimlənməsi, Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi, habelə məhbuslar, itkin düşənlər və digər humanitar məsələlər müzakirə edilib”, - məlumatda qeyd olunub.