Sionist başçının Bakı səfərindən sonra İrana qarşı növbəti qaralama başlanıb
Sionist rejimin prezidentinin Bakıya səfərindən dərhal sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirinin İrana nota verməsi və ardınca İrana səfərə qoyduğu qadağanı möhkəmləndirməsi, səfərin mahiyyəti barədə reallıqları üzə çıxarır.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyi bu gün bir bəyanatda Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb.
Onsuz da İranla sərhədləri SSRİ dövrünün sərhədlərinə çevirən və az qala İrana bir quşun keçməsinə mane olmaq istəyən rəsmi Bakının bu çağırışı mənasız görünür. Bəyanatda Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı sılahlı hücum yada salınır sanki bu yenicə baş verən bir hadisədir.
Azərbaycan Respublikasının müsəlman vətəndaşlarının İrana səfərindən həmişə narazı qalan, soydaş adlandırdığı İran vətəndaşlarını da həmişə min bir əzab-əziyyətlə Azərbaycan Respublikasına buraxan rəsmi Bakının bu xəbərdarlığı təəccüb doğurur. Rəsmi Bakının son illərdə heç bir gediş-gəlişə imkan vermədiyi bir şəraitdə qəfildən İrana səfər edənlərə xəbərdarlıq etməsi göstərir ki, azərbaycanlıların digər ölkələrdən də İrana gəlməsi onu narahat edir.
Bunu sadəcə müsəlman düşməni olan, işğalçı sionist rejimin prezidenti İshak Hersoqun İlham Əliyevlə “İran təhlükəsi”-ni müzakirə etməsi ilə əlaqələndirmək olar. Hansı ki, sionist başçının özü bunu anons etmişdi.
İran tərəfinin Azərbaycanla münasibətlərin normallaşması üçün özündən nümayiş etdirdiyi təmkinli rəftarına baxmayaraq görünür sionistlərin yeni təlimatları var və rəsmi Bakı tərəfindən İrana qarşı növbəti qaralamaları gözləmək lazım olacaq.