Müsəlman Birliyi Hərəkatına qarşı təzyiqlər artır
Siyasi fəal müalicəsi üçün problemlərin yaradılmasından şikayətlənib
Müsəlman Birliyi Hərəkatının üzvü, yataq xəstəsi olan Əbülfəz Bunyadovun sağlamlığında ciddi problemlər olsa da, onun müayinə və müalicəsi üçün maneələr yaradılır.
Bünyadov 2015-ci ilin noyabrında Daxili İşlər Nazirliyini Nardaran qəsəbəsində Müsəlman Birliyi Hərəkatının rəhbərlərinə və fəallarına qarşı apardığı xüsusi əməliyyat zamanı saxlanılıb. O ağır yaralanıb. Buna baxmayaraq, Bünyadovu uzun müddətə həbs cəzasına məhkum ediblər. Həbsxanada hərəkət qabiliyyətini tamamilə itirib və yataq xəstəsi olan Bünyadovu 2019-cu ildə vaxtından əvvəl azad ediblər. Lakin Bünyadov Turan agentliyinə bildirib ki, hələ saxlandıqdan sonra Nardarandakı evinin qarşısında qoyulmuş polis postu azad edildikdən sonra da qalır.
Bünyadov dəfələrlə Daxili İşlər Nazirliyinə müraciət edib ki, polis nəzarətini götürsünlər, amma nəticəsiz qalıb.
“Polislərin olması mənim üçün, o cümlədən tibbi müayinə, müalicə, həkimlərin evimizə gəlməsi üçün problemlər yaradır. Ağciyərlərimdə problemlər var, iltihab prosesi gedir, maye yığılır, 20 gündür ki, temperatur normadan yüksəkdir, amma məni stasionar müalicəyə buraxmırlar”, - deyə siyasi fəal vurğulayıb.