ABŞ Dövlət Departamenti:
Laçın dəhlizi dərhal açılmalıdır
Son bir neçə həftə ərzində Vaşinqton Azərbaycan və Ermənistanla "daim" iş aparıb ki, humanitar yardım Dağlıq Qarabağ əhalisinə çatsın. Bu barədə çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Vedant Patel bildirib.
O, Vaşinqtonun Bakı və Yerevan arasında danışıqlarının məzmunu ilə bağlı Turan müxbirinin sualına cavab verməkdən çəkinib. "Bu, bizim fəal şəkildə məşğul olmağı davam etdirəcəyimiz bir şeydir... Laçın dəhlizinin humanitar, ticarət və sərnişin daşımaları üçün dərhal yenidən açılması ilə bağlı çağırışımızı təkrar edirik", - o deyib.
"Biz ərzaq, dərman və digər zəruri malların əngəllənməsinin davam etməsi nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən çox narahatıq", - Patel sözlərinə davam edib.
Patelin şərhləri, Konqresin insan hüquqları üzrə ikipartiyalı komissiyasının “Dağlıq Qarabağ”dakı vəziyyətlə bağlı ictimai dinləmələr keçirməyə hazırlaşdığı vaxtda səslənib.
Tom Lantos İnsan Hüquqları Komissiyasının keçirəcəyi dinləmələrdə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo və Kolumbiya Universitetindən David Fillips iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikası dövləti, rusiyalı sülhməramlıların nəzarəti altında erməni separatçılar tərəfindən idarə olunan Xankəndi və onun ətraf ərazilərinə Ermənistandan silah-sursatın daşındığını bildirərək, Laçın dəhlizindən gediş-gəlişə nəzarət edir. Bu təşəbbüs ABŞ və Avropa ölkələrini kəskin narahat edib. Onlar rəsmi Bakıdan Ermənistanla Xankəndi arasında hərhansı nəqliyyatın nəzarətsiz həyata keçirilməsini tələb edirlər. Azərbaycan alternativ olaraq Ağdam-Xankəndi yolunu təklif etsə də, separatçılar və Ermənistan bu yoldan istifadə etməkdən çəkinirlər.