Azərbaycanda şərlənən dindarlara həbs cəzası;
Daha 3 inanclıya hökm oxundu
Azərbaycanda kütləvi həbslər çərçivəsində saxlanılaraq narkotikdə ittiham olunan bir qrup inanclıya hökm oxunub.
23 noyabr tarixində ruhani Hacı Azər Səricanovun növbəti məhkəmə prosesi keçirilib.
Məlumat İnformasiya Agentliyinin verdiyi xəbərə görə, Səbail rayon məhkəməsində keçirilən prosesdə Azər Səricanovun istintaq müddətinin daha iki ay uzadılması ilə bağlı qərar qəbul edilib. Hazırda ruhani DTX-nın təcridxanasında saxlanılır.
Noyabrın 24-də isə Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə şərlənib həbs edilən ruhani İmran Ələsgərova hökm oxunub. Gənc ruhani 3 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, Şeyx İmran kimi tanınan İmran Ələsgərov Azərbaycanda şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənərək həbs edilməsi çərçivəsində həbs edilib. İmran Ələsgərov haqqında Azərbaycan CM-nin 234.4.3 (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə cinayət işi açılıb. Prokuror ona 7 il həbs cəzası istəyib. Lakin ittihamını sübuta yetirəcək dəlillər olmadığı üçün 234.4.3 maddəsi 234.1-1-ə tövsif olunub.
Həmçinin xəbər verilir ki, saxta narkotik ittihamı ilə saxlanılan Məftun Nağıyevə də hökm oxunub. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.
Bildirilir ki, Məftun Nağıyev sosial şəbəkədə aktiv dindarlardan olduğu üçün narkotik ittihamı ilə şərlənib həbs edilib. O, daim ölkədəki haqsızlıqlara etiraz edib və bu barədə sosial şəbəkələrdə statuslar yazıb.