İnanclılara qarşı şiddətin artması narahatlıq doğurur
Azərbaycan Respublikası prezidenti İlham Əliyev dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalmasından narahatlığını bildirib.
İlham Əliyev Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarına müraciətində bildirib ki,
Təəssüflər olsun ki, dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır. İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq. İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur.
İlham Əliyev islamofobiyanın özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinə çevrildiyini deyib. O Fransanı “Dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul etməkdə ittihamlandırıb. Bu ölkədə müsəlman vətəndaşların sıxışdırıldığını, müsəlmanların təqiblərə məruz qaldığını deyib.
Azərbaycan Respublikası prezidenti media qrumlarının da islamofob fəaliyyətinə toxunub:
“Bu qurumlar tərəfindən İslam dininə, İslam mədəniyyətinə qarşı məqsədyönlü şəkildə fəaliyyət aparılır, İslamın gerçək mahiyyətini təhrif etməklə onu terrorla eyniləşdirmək, ləkələmək və qaralamaq cəhdləri həyata keçirilir”,-Əliyev deyib.
Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə milli sərvət kimi qorunan dini bərabərlik və inklüzivlik Azərbaycan xalqının həyat tərzidir, onun güc mənbəyidir. Bundan irəli gələrək, təbiidir ki, multikultural dəyərlərə hörmət bizim dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir.
XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır. Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır. Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir.
Sosial şəbəkə istifadəçiləri arasında Prezident İlham Əliyevin bu sözləri birmənalı qarşılanmayıb:
“Elə o dünyanın bir hissəsi də bizim ölkədədir sayəndə. 5 min dindar günahsız yerə narkotik ittihamı ilə şərlənərək həbs olunub. Belə bir ölkənin prezidenti gör nə deyir...” Nüsrət Sadaylı adlı şəxs facebook şərhində yazıb.