Mart 11, 2024 11:46 Asia/Baku
  • Britaniya Azərbaycandan bac alır

Cavanşir Feyziyevin mülkləri üzərindəki həbs qərarı qüvvədə saxlanılıb

Britaniya məhkəməsi Londonda Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev və həyat yoldaşına məxsus $50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı qüvvədə saxlayıb.

Bu məlumata əsasən, Britaniyanın Milli Cinayət Agentliyi Feyziyev və həyat yoldaşının dondurulmuş mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu, əməliyyatların daha əvvəl çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərin vasitəsilə həyata keçirildiyini iddia edib.

Xatırladaq ki, fevral 22-də baş tutan məhkəmə dinləməsində Feyziyev ailəsinin vəkili Milli Cinayət Agentliyinin zəruri prosedurlara əməl etmədiyini və mülklərin qanunsuz yolla əldə edildiyini mübahisələndirmək üçün əsaslı dəlillərin olmadığını bildirmişdi. Lakin məhkəmə martın 8-də vəsatəti rədd edib.

Britaniyanın Milli Cinayət Agentliyi bundan əvvəl Cavanşir Feyziyevin ailə üzvlərinin hesablarındakı 20 milyon dollardan artıq məbləği “Azərbaycan landromatı” kimi tanınan beynəlxalq çirkli pulların yuyulması mexanizmi ilə qanunsuz əldə edildiyini iddia edərək dondurub.

2023-cü ildə Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə mükafatlandırılan Cavanşir Feyziyev bugünədək verdiyi açıqlamalarda hər hansı çirkli pulların yuyulması və ya başqa qanunsuz əməllərlə əlaqəsi olduğunu qəti şəkildə inkar edib.

Britaniya hakimiyyəti isə hesab edib ki, Feyziyevin və onun ailə üzvlərinin bank hesablarındakı milyonlarla funt sterlinq beynəlxalq çirkli pulların yuyulması sxemindən gəlir.

Qeyd edək ki, Feyziyev parlamentlərarası əlaqələr üzrə Azərbaycan-Britaniya işçi qrupuna rəhbərlik edib və 2022-ci ilə qədər Avropa İttifaqı- Azərbaycan parlament əməkdaşlıq Komitəsinin həmsədri olub.

 

Teqlər