Mart 13, 2024 12:37 Asia/Baku
  • Azərbaycan sərhədlərinin bağlı qalması etiraz doğurur

“Bu qərar əhalinin sosial rifahını ciddi şəkildə zəiflədir”

Martın 11-də Azərbaycan baş nazir Əli Əsədovun ölkədə karantin rejiminin iyulun 1-ə qədər uzadılması ilə bağlı qərarı etirazla qarşılanıb.

Turan Xəbər Agentliyi yazır: Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda 2020-ci ilin martından karantin rejimi elan edilib. Bu arada onun müddəti bir çox dəfə uzadılıb. Yoluxma sayından asılı olaraq zaman-zaman rejim sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Amma ölkənin quru sərhədlərində məhdudiyyət hələ də qalır. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib. Azərbaycanın özündə də son illər bu virusa yoluxma kəskin azalıb. Son rəsmi statistikaya görə, ölkədə cəmi 160 koronavirus xəstəsi var.

Agentlik qeyd edir ki, Pandemiyadan əvvəl vətəndaşlar Azərbaycanla sərhədi olan İrana, Gürcüstana, Rusiyaya alış-verişə gedirdilər. Sərhəddə məhdudiyyətin qalması onların da belə səfərlərinə son qoyub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev isə Turana bildirib ki, quru sərhədlər vaxtilə bütün dünyanı bürüyən koronavirusdan ölkə vətəndaşlarını qorumaq üçün qapadılıb və hazırda statistikaya görə, koronavirus halları hələ də qeydə alınmaqdadır. O baxımından hökumət karantin rejimini uzadır.

İqtisadçı Rəşad Həsənov isə agentliyə deyib ki, hazırkı şəraitdə quru sərhədlərdə məhdudiyyətlərin qalması mənasızdır: “Qərb, cənub və şimal bölgələrində yaşayan əhalinin gündəlik dolanışığının əhəmiyyətli hissəsi məhz xırda sərhəd ticarətdən formalaşırdı. Hətta Abşeron yarımadasından belə insanlar ailə büdcəsini səmərəli istifadə etmək üçün İrana, Gürcüstana gedirdilər. Ancaq indi artıq sərhəd ticarəti də yoxdur və bu, həmin bölgələrdəki əhalinin sosial rifahını ciddi şəkildə zəiflədir”, - deyə ekspert söyləyib.

 

 

Teqlər