Avq 08, 2024 13:51 Asia/Baku
  • Zəngəzur dəhlizindən vaz keçildi

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Zəngəzur dəhlizi məsələsinin sülh sazişinin mətnindən çıxarıldığını deyib.

Azərbaycan Respublikası prezidentinin nümayəndəsinin sözlərinə görə, hazırda danışıqları asanlaşdıran amillərdən biri də odur ki, hər iki tərəf qalan məsələlərdən ən mübahisəli olanını - Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşıb.

“Biz qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəldik. Beləliklə, biz onu mətndən çıxarmağa qərar verdik, lakin bunun ölkələrin gələcəkdə müzakirə etmək və ümumi razılığa gəlmək üçün qayıda biləcəyi məsələlərdən biri olması faktını hələ də mətndə əks etdirə bilərik”, – Elçin Əmirbəyov qeyd edib.

Azərbaycan rəsmisi Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneənin Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarından ibarət olduğunu deyib.  

 “Biz əmin olmaq istəyirik ki, sülh sazişi keçmişdə olduğu kimi gələcəkdə revanşizmi və ya Azərbaycana qarşı hər hansı ərazi iddialarını mümkünsüz edəcək bir növ sarsılmaz sazişdir”, - E.Əmirbəyov əlavə edib.

Qeyd edək ki, müəyyən qüvvələrin marağında olan zəngəzur dəhlizinin Azərbaycan Respublikasına qəbul etdirilməsi üçün geniş səylər müşahidə olunur hal bu ki, Azərbaycan Respublikasının qərb hissəsini Naxçıvanla birləşdirmək üçün ən etibarlı və təhlükəsiz yol İran yoludur. Rəsmi Bakı bunun fərqində olaraq öz torpaqlarını azad etdikdən dərhal sonra bu marşrut üzrə İranla birgə layihənin icrasına start verdi.

Qeyd edək ki, 30 illik münaqişə dövründə də Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi İran İslam Respublikası ərazisi vasitəsi ilə fasiləsiz olaraq təmin edilmişdir.

Teqlər