TIR sürücüləri İrana keçmək üçün niyə icazə ala bilmirlər?
Azərbaycan Respublikasında bir çox yükdaşıyan sürücülər (TIR sürücüləri) malları digər ölkələrə aparmaq üçün tələb olunan icazə vərəqəsini ala bilmədiklərini deyirlər.
SəhərAzəri-nin məlumatına əsasən, hazırda Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Terminalında gözlədiklərini bildirən sürücülərin demələrinə görə, bu problem artıq aylardır davam edir və onlara süni maneələr yaradılır.
"İrana yaş yük aparmalıyam, amma icazə vərəqəsini ala bilmirəm. Artıq 16 gündür gözləyirəm. Bu yaş yükün saxlama müddəti beş-10 gündür. Belə çıxır ki, yük xarab olacaqsa, pulu mən ödəməli olacam", - Turan xəbər agentliyinin dərc etdiyi materialda adının çəkilməsini istəməyən sürücülərdən biri vurğulayıb.
Sürücülər deyir ki, bu problem ötən ildən yaranıb: "İndi bir aydır ki, ümumiyyətlə, icazə vərəqələrinin verilməsi dayanıb".
Sürücülərin iddiasına görə, onlar müvafiq blankı almaq üçün aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə yoxdur. Nəticədə bundan özləri, ailələri ciddi maddi ziyan çəkirlər.
Sürücülər bu tipli problemlərlə artıq uzun müddətdir rastlaşdıqlarını vurğulayırlar. Hətta bununla bağlı ayrı-ayrı vaxtlarda etiraz aksiyaları da keçirdiklərini bildirirlər.
Mövcud qanunvericiliyə görə, bu sahəyə nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həyata keçirir.
Turan AYNA-ya istinadən bildirir ki, hazırda üçüncü ölkəyə icazə blanklarının Rusiya tərəfindən verilməsi üçün bu ölkənin Nəqliyyat Nazirliyi ilə danışıqlar davam edir.
Qurumdan qeyd olunub ki, bu il ərzində icazə blankları daşıyıcılara verilib və avqustun 7-də bitib.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə deyir ki, beynəlxalq yükdaşımalara icazələr dövlətlər arasında qarşılıqlı razılaşmalar əsasında verilir: "Azərbaycanı bu məsələdə təmsil edən AYNA-dır. AYNA çalışmalıdır ki, yük daşıdığı dövlətlərlə qarşılıqlı əlaqələr çərçivəsində lazım olan miqdarda icazələrin alınmasını təmin etsin. Bu, digər ölkələrlə qarşılıqlı olmalıdır".
Ə.Hüseynov qeyd edib ki, icazə blankları ölkə daxilində sürücülər arasında ədalətli şəkildə bölünməlidir: "Həmin bölgü şəffaf olmalıdır. Elə olmalıdır ki, daşıyıcılar arasında suallar çıxmasın".