Şahin Mustafayev Əbdül Qəni Bəradərlə görüşüb
Azərbaycan Respublikasının Baş nazirin müavini Özbəkistanda Əfqanıstanın Baş naziri vəzifəsini icra edən şəxslə görüşüb
SəhərAzəri-nin məlumatına əsasən, avqustun 29-da Özbəkistan Respublikasının Termez şəhərində “Termez” Beynəlxalq Ticarət Mərkəzinin rəsmi açılış mərasimi olub.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti açılış mərasimində iştirak edib.
Səfər zamanı Şahin Mustafayev həmçinin Əfqanıstanın Baş naziri vəzifəsini icra edən Əbdül Qəni Bəradərlə görüşüb.Görüşdə Azərbaycan ilə Əfqanıstanı tarixi və mədəni bağların birləşdirdiyi qeyd edildi.Diqqətə çatdırıldı ki, Azərbaycan hər zaman həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində Əfqanıstanda sabitliyin və inkişafın təşviqinə, humanitar məsələlərin həllinə töhfə verib.
İki ölkə arasında ticarət-iqtisadi və sərmayə qoyuluşu sahələrində əlaqələrin perspektivləri müzakirə edildi, müvafiq əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olundu.Tərəflər həmçinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirərək, “Lapis-Lazuli" beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin önəmini qeyd etdilər.“Termez” Beynəlxalq Ticarət Mərkəzinin açılmasının Əfqanıstanla da ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə edildi.