Sen 14, 2024 18:06 Asia/Baku
  • AXCP fəalı istintaq təcridxanasında intihara cəhd edib

Sentyabrın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Mehman Əliyev Kürdəxanı İstintaq Təcridxanasında intihara cəhd edib.

Turan xəbər agentliyinin məhbusun atası Aydın Əliyevə istinadla verdiyi məlumata görə Mehman Əliyev Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib.

Onun sözlərinə görə,  bu gün Mehman Əliyev atasına zəng edərək bildirib ki, əsassız cinayət təqibinə etiraz əlaməti olaraq intihara cəhd edib.

"Oğlumun heç bir günahı yoxdur. O, sadəcə, Şirvanda əmisi oğlunun polis tərəfindən saxlanıldığını videoya çəkib. Videonu silmədiyinə və İnternetdə yaydığına görə ona qarşı narkotik maddə ilə bağlı cinayət işi açılıb. Bu ittiham tamamilə yalandır", - Aydın Əliyev bildirib.

O qeyd edib ki, Mehman dindirməyə çağırıldıqdan sonra intihara cəhd  edib.

"Bəlkə də Mehmana yenidən təzyiq olub. Həbs edildikdən sonra onu döyüblər, qabırğalarını qırıblar. Bütün bu ədalətsizliyə görə o bu addımı adıb", - atası deyib.

Vəkil Fəxrəddin Mehdiyevdə Mehman Əliyevin özünü təqsirli saymadığını deyib.

“ O hesab edir ki, sosial şəbəkələrdəki fəaliyyətinə, məmurların və güc qurumları işçilərinin haqqında video yaydığına görə təqib olunur", - Mehdiyev deyib.

Bu il mayın 22-də Şirvanda polislər Mehman Əliyevin qohumu Əli İsayevi saxlamağa cəhd ediblər. Əliyev saxlamaya cəhdin videoyazısını və videonun silinməsini tələb edən polislərlə telefon danışıqlarının audioyazısını açıqlayıb. Hadisədən sonra Mehman Əliyev Bakıya gedib və mayın 23-də saxlanılıb. Onun partiyadaşları bildiriblər ki, Mehman Əliyev polisin tənqid edildiyi videonun yayılmasına görə təqib olunur.  Daxili İşlər Nazirliyi bu versiyanı təkzib edib.

Teqlər