Noy 11, 2024 15:11 Asia/Baku
  • Azərbaycanlı politoloq əqidə məhbusunun müdafiəsinə qalxdı

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, şərlənən insanların yanında olmaq lazımdır.

Ərəstun Oruclu öz feysbuk hesabında tanınmış dissident Polad Aslanovun zindanda aclıq aksiyasına başlamasına münasibət bildirərkən yazıb: “Azərbaycanda ən dəhşətli şey saxta dövlətə xəyanətdə ittiham olunmaqdır. Özəlliklə də İran kimi dövlətə casusluqda, çünki bu halda dövlət adına saxta ittiham verənlər yalan olur, "ictimai ittihamçılar" gerçək. Eynilə Tərtər qətliamında olduğu kimi. Bunun da kökündə dindar insanlara olan münasibət dayanır”.

Politoloq qeyd edib ki, dindarlar dünyanın hər yerində xüsusi münasibət olan zümrədir. Onların bir çox məsələlərə yanaşmaları spesifik olur, bu da anlaşılandır. Amma onların yanaşmasından asılı olmayaraq, bu, insanların şərlənib tutulması üçün əsas ola bilməz.

 

Onun fikrincə Polad Aslanov dindar kimi deyil, sadəcə korrupsiya faktlarını ifşa etdiyi üçün tələyə salınaraq şərlənib. Ona olan münasibət də bunun əyani sübutudur. “Bu gün şərlənən insanların yanında olmalıyıq, yoxsa sabah onların yerində olacağıq. Hər birimiz”, - deyə Şərq-Qərb Araşdırmalar Mərkəzinin prezidenti vurğulayıb.

Xatırladaq ki, Polad Aslanov 12 iyun 2019-cu il tarixində İranın xeyrinə qondarma casusluq ittihamı ilə həbs olunub. O, 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Aslanov bütün ittihamları təkzib edir, xüsusi xidmət əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirir.

Hüquq müdafiəçiləri isə onu siyasi məhbus kimi tanıyıblar. Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyiblər və onu azad etməyə çağırıblar. Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.

 

Teqlər