Hansı ölkələr COP29 tədbirlərinə qatılmadılar?
Azərbaycan Respublikası hökumətinin Bakıdakı COP29 tədbirlərinin möhtəşəm keçirildiyini bildirməsinə baxmayaraq bəzi ölkələrin iştirak etməməsi və ya tədbirlərə aşağı səviyyədə qatılması müəyyən suallar doğurub.
Yayılan məlumatlara görə, dünyanın bir çox önəmli liderləri, konkret olaraq Almaniya kansleri, Çin prezidenti, Hindistanın baş naziri, Böyük 7-lərdən Almaniya, Fransa liderləri bu tədbirə gəlməyib.
Almaniya kansleri Olaf Şolts Bakıdakı COP29 iqlim sammitinə gəlməkdən imtina edib, çünki öz ölkəsində siyasi böhranı həll etməklə məşğul olduğunu deyib.
Bundan başqa COP29 tədbirinə Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen də qatılmamışdır.
Bundan əlavə ilin ən böyük iqlim sammiti olan tədbirə ABŞ, Yaponiya, Rusiya və Braziliya liderlərinin də Bakıya gəlmək istəmədikləri məlum olub.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bəzi dünya liderlərinin COP29-da iştirak etməməsinə münasibət bildirərkən jurnalistlərə açıqlamasında deyib ki, biz onların hər birini konfransda görməkdən məmnun olardıq.
Noyabrın 12-də Prezident İlham Əliyev tədbirin açılışında demişdi ki, COP29 üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib.
Onun sözlərinə görə, onların arasında 80 prezident, vitse-prezident və baş nazir var.
Noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçirilir.
Bu arada ətraf mühit fəalları Azərbaycanın hökumət büdcəsinin təxminən 60%-ni maliyyələşdirən neft və qazdan asılılığını azaltmasını istəyirlər. Lakin Azərbaycan növbəti onillikdə təbii qazın - qazıntı yanacağının istehsalını genişləndirməyi planlaşdırır. Bu amilin bəzi liderlər tərəfindən Bakı sammitinin ciddiyə alınıb-alınmamasında rol oynadığı dəqiq məlum deyil.