BMT Ruhingiya müsəlmanlarını dəstəklədi
-
BMT Ruhingiya müsəlmanlarını dəstəklədi
BMT İnsan Haqları Şurasının üzvləri bir qətnamə qəbul edərək Myanmada Ruhingiya müsəlmanlarını qətlə yetirən və işgəncə edən şəxslərin təqib, mühakimə olunmasını və cəzalandırılmasını istəyiblər.
Press TV-nin məlumatına görə, BMT İnsan Haqları Şurasına üzv 47 ölkə bu gün keçirdiyi iclasda Myanmada Ruhingiya müsəlmanlarının incidilməsi və qırğın edilməsinin pislənilməsi və bu haqda araşdırmanın aparılmasına dair Avropa Birliyi tərəfindən təqdim olunan qətnamənin ilkin mətninin lehinə səs verib.
Bu qətnamədə həmçinin Ruhingiya müsəlmanlarının incidilməsi, o cümlədən qırğın və işgəncə edilməsi haqda araşdırma aparmaq üçün faktaraşdırıcı komitənin Myanmaya ezam olunması qeyd olunub.
Myanmanın şimal-qərbində Raxin vilayəti bir milyondan çox ruhingiyalı müsəlmanın yaşadığı məkandır. Bu vilayət 2012-ci ildən indiyə qədər radikal buddistlərin müsəlmanlar əleyhinə zorakılıqlarının şahididir. Myanma hökuməti isə onlara vətəndaşlıq verməkdən imtina edir.
Ruhingiya müsəlmanları əleyhinə zorakılıqlar indiyə qədər yüzlərlə nəfərin həlak olması, on minlərlə nəfərin can qorxusu ilə öz ev-eşiklərini tərk etməsi, Myanma və qonşu ölkələrin düşərgələrinə sığınması ilə nəticələnib. Həmçinin təxminən 75 min ruhingiyalı müsəlman Banqladeşə qaçıb.
BMT-nin bildirdiyinə görə, Ruhingiya müsəlmanları ən çox zorakılığın qurbanı olan dünyanın ən məzlum azlığıdır.
Bundan öncə də BMT-nin Myanmada insan haqları məsələləri üzrə xüsusi məruzəçisi Yanq Hey Li Ruhingiya müsəlmanlarının hüququnun pozulması haqda araşdırma komissiyasının təşkil olunmasını istəyib.