Pxenyan ABŞ-ın yeni sanksiyalarına reaksiya verdi
Şimali Koreyanın Xarici İşlər Nazirliyi ABŞ-ın Pxenyana qarşı yeni sanksiyalar tətbiq etməsinin Koreya Yarımadasını yenidən müharibə şəraitinə qaytaracağı haqda xəbərdarlıq etdi.
Röyters-in məlumatına görə, Şimali Koreyanın Xarici İşlər Nazirliyi bazar günü bir bəyanat yayaraq, ABŞ-ın bu ölkənin 3 yüksək səviyyəli dövlət rəsmisinin adını sanksiyalar siyahısına daxil etməsini kəskin formada qınayıb və bildirib: Ağ Evin rəftarı Koreya Yarımadasında tərksilah prosesini həmişəlik olaraq dayandıracaq.
Şimali Koreyanın Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin deyilir: ABŞ rəsmilərinin sanksiyaların artırılması yolu ilə Pxenyanı təslimolmağa məcbur edə biləcəklərini düşünmələri yanlış təsəvvürdür.
Şimali Koreyanın Xarici İşlər Nazirliyi öz bəyanatında həmçinin bildirib: ABŞ-ın Rusiya və Çin kimi digər ölkələrə qarşı sanksiyalar tətbiq etməsi heç kimin xeyrinə deyil. Hətta, ABŞ-ın belə.