Yan 25, 2019 12:31 Asia/Baku
  • Sudanda gərginlik
    Sudanda gərginlik

Sudanın Faktaraşdırıcı Komitəsi son qarşıdurmalarda 29 nəfərin öldüyünü bildirib.

İRİB-nin bildirdiyinə görə, Sudanın Faktaraşdırıcı Komitəsinin sözçüsü Amir Məhəmməd İbrahim deyib: son etiraz aksiyasında 24 yaşlı bir gəncin həyatını itirməsi ilə son qarşıdurmalarda həlak olanların sayı 29-a çatıb. 

Amir Məhəmməd İbrahim əlavə edib: Bu 24 yaşlı gənc aldığı yaraların ağırlığı üzündən həyatını itirib. 

Sudan rəsmiləri bundan öncə qarşıdurmalarda 24 nəfərin həyatını itirdiyini bildirmişdilər. 

Beynəlxalq Amnistiya Təşkilatı isə qeyri-rəsmi mənbələrə istinadla Sudandakı son qarşıdurmalarda həlak olanların sayının təqribən 40 nəfər olduğunu bildirib. 

Sudan 19 dekabrdan başlayaraq hökumət əleyhinə xalq etirazlarının şahididir. Ölkə əhalisi çörək və yanacağın bahalaşmasına, iqtisadi durumun ağırlaşmasına və məişət şəraitinin pisləşməsinə etiraz edir. 

Bu etirazlar ötən 30 ildə ən geniş etirazlar hesab olunur. Narazı kütlə Ömər Əl-Bəşirin hakimiyyətdən getməsini istəyir. Amma, prezident iqtidardan getmək niyyətində olmadığını bildirib. 

Sudan hökuməti bəzi vilayətlərdə fövqəladə vəziyyət elan edib. Məktəblər və universitetlər bağlanıb. 

Ömər Əl-Bəşir 1993-cü ildən bəri Sudanın prezidentidir. Sudan qanunlarına əsasən onun prezidentlik müddəti 2020-ci ildə başa çatacaq. 

Teqlər