"Apple" ABŞ - Çin ticarət savaşının ortasında
ABŞ-ın Çinə qarşı ticarət savaşını alovlandırmasının ardınca iqtisadçılar "Apple" şirkətinin 2019-cu ilin ikinci yarısında Çindəki satış həcminin 2 dəfə azalacağını proqnoz edirlər.
Bloomberg-in yazdığına görə, Vaşinqtonun Pekinə qarşı ticarət savaşını qızışdırmasının ardınca Çində alıcıların çoxu yerli məhsullara üstünlük verməyə başlayıblar. Buna görə də Apple şirkətinin məhsullarına tələbat xeyli azalıb. Baxmayaraq ki, Apple şirkəti məhsullarının qiymətlərini azaltmağa məcbur olub.
Qəzetin yazdığına görə, çinlilərin yerli mobil telefonlara üz tutmasının ardınca 2019-cu ildə Apple şirkətinin Çindəki satışlarının xeyli azalacağı gözlənilir.
ABŞ prezidenti Donald Tramp ən son qərarında ABŞ şirkətlərinin Çinin texnologiya nəhəngi Huawei şirkətinin məhsullarından imtina etmələrini istədi.
Çin hökuməti isə ABŞ hökumətinin bu qərarının ardınca Amerika şirkətlərinə qarşı oxşar addımların atılacağından xəbər verdi.
Medialar ötən həftə Çin rəsmilərinə istinadla Pekinin bu məsələdə hansısa məhdudiyyət tanımadığını bildiriblər.
Çin hökuməti bundan öncə də ABŞ-ın dünyanın ən iri texnologiya şirkətlərindən olan Huawei şirkətinə qarşı təzyiqləri və məhdudiyyətlərinə dözməyəcəyini bildirmişdi.