“Rus müdaxiləsi” iddiası partlayış verdi: “Qorxunc proqnoz özünü doğrultdu”
“Fikrimcə, baş verənlərin əsas səbəbi ABŞ siyasi sisteminin böhranıdır. Donald Trampın 2016-cı ildə prezident seçilməsi özü elə həmin böhranın ciddi təzahürlərindən idi”.
SəhərAzəri Teleqraf-a istinadən xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspert Trampın prezident seçkilərindən əvvəl verdiyi vədi xatırladıb:
“Tramp demişdi ki, “Mən yalnız qalib gəlsəm seçkilərin nəticələrini qəbul edəcəyəm!”. Gördüyümüz kimi, Tramp vədinə sadiq qalaraq 4 ildən sonra məğlubiyyətini qəbul etmədi və bu haqda da ABŞ mətbuatında çox yazılmışdı. Təxminən 2 il əvvəl “The İntercept”in yazarı, britaniyalı jurnalist Mehdi Həsən və “New York Times” qəzetinin köşə yazarı Tomas Fridman təxminən eyni sualı vermişdilər: “Donald Tramp seçkiləri uduzub Ağ Evdən çıxmaqdan imtina etsə, nə baş verəcək?”.
Təəssüf ki, ən pis proqnozlar özünü doğrultdu.
Amma bu, tək Trampın günahı deyil. Onun məsuliyyəti öz yerində, lakin Trampın 4 illik hakimiyyəti dövründə onu ABŞ seçkilərinə müdaxilə edən Rusiyanın seçdirdiyini iddia edən demokratlar bəlkə heç özləri də bilmədən bu gün baş verənlər üçün münbit zəmin yaratmış oldular. Hər bir halda, həmin əsassız iddialar da sonda bu işə öz töhfəsini vermiş oldu. Belə ki, demokratlar düz 4 il ərzində amerikalılara onların büt kimi inandıqları seçkilərin saxtalaşdırılmasının mümkünlüyünü aşıladılar. Amma sübut əldə edilmədi”.
Ərəstun Oruclu hesab edir ki, 4 ildən sonra isə onların atdığı bumeranq geri qayıtdı və özlərinin, daha doğrusu ölkənin başında çatladı:
“İndi sual olunur ki, 4 il ərzində ABŞ seçkilərinin saxtalaşdırıldığını iddia edənlər bu gün həmin seçkilərin saxtalaşdırılmadığına nə qədər amerikalını inandıra bilərlər? Təbii ki, Tramp tərəfdarlarının çox az bir hissəsini. Onlar isə ABŞ-ın az qala tən yarısıdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, dünən esteblişmentin belə hadisələrə hazır olmadığı üzə çıxdı. Məlum oldu ki, müxtəlif ölkələrdə seçkilərdən sonra baş verən mübahisələri danışıqlarla və dinc yolla çözməyə çağırışlar edən ABŞ-ın özünün eyni hallar üçün nəzərdə tutulmuş ən ciddi “arqumentləri” polis, milli qvardiya və komendant saatı imiş.
Amma həmin “ciddi arqumentlər” də effektiv olmazsa, onda nələr baş verə bilər və ABŞ çalxalanarsa, bunun dünyaya hansı təsirləri olar? Bu suallar haqqında düşünmək belə qorxuludur. Odur ki, vəziyyətdən çıxış yollarını görünür hər iki partiya birlikdə aramalı olacaq. Amma bu da praktikada heç də sözdəki qədər asan deyil”.
Ekspert qeyd edib ki, ABŞ siyasətində korporativ və partiya maraqları artıq çoxdan milli maraqların fövqündə dayanır:
“Yetişməkdə olan böhranın başlıca səbəblərindən biri və bəlkə də birincisi elə budur. Əks təqdirdə siyasi opponentlərə qarşı mübarizədə “seçkilərə müdaxilə olunub” iddiasını dövriyyəyə buraxmaqla və sutkada 24 saat gündəmdə saxlamaqla cəmiyyətin iki əsrdir istinad yeri olan təməl dəyərləri hədəfə almazdılar.
Vaşinqtondakı dünənki qarşıdurmada artıq ilk qan da töküldü. Ümid edək ki, bu həm də sonuncu qan olacaq. Başqa cür düşünmək isə sadəcə qorxuncdur, axı söhbət 330 milyon əhalisinin əlində 400 milyondan çox silah olan ölkədən gedir”.