İyul 19, 2021 18:56 Asia/Baku
  • Pakistanla Əfqanıstan münasibətləri gərginləşib

Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqlarının bitməsi ilə eyni zamanda Əfqanıstan-Pakistan münasibətlərindəki gərginlik, yeni bir mərhələyə qədəm qoyub.

SəhərAzəri-nin məlumatına əsasən, Əfqanıstan hökumət ilə Taliban nümayəndə heyətləri arasında Qətərdə keçirilən iki günlük danışıqlar, danışıqların davam etdirilməsinin vacibliyini vurğulayaraq, sona çatıb.

Birgə bəyanatda ikitərəf, həmçinin infrastrukturların qorunması, mülkilərin həlak olmasının qarşısının alınması və koronavirus xəstələrinə yardımların göstərilməsi vacibliyini vurğulayıblar.

Ancaq Əfqanıstan xalqının gözləntisi, Qurban bayramı günlərində ən azı 3 gün müddətinə atəşkəsin bərqərar edilməsi və müharibənin intensivliyinin azaldılması idi.

Amma şəhərlərin əldən-ələ keçirilməsinin davamında Taliban dünən axşam Kapisa vilayətinin Nəcrab şəhərini ələ keçirdiyini, Əfqanıstan hökuməti isə "Dərə Suf" şəhərini Taliblərdən geri aldığını iddia ediblər.

Taliban bir neçə gün əvvəl Əfqanıstan və Pakistan arasında sıfır sərhəd nöqtəsi olan Spin Buldak şəhərindəki ticarət sərhəd-keçidini ələ keçirib, dünən isə bayrağını bu sərhəd-keçid məntəqəsində Pakistan bayrağının yanında qaldırıbdır.

Son günlərdə, Əfqanıstanın viste-prezidenti Pakistanın, Əfqanıstan hökumətinə bu sərhəd-keçid məntəqəsini geri almaq üçün istənilən cəhdin Pakistanın hava qüvvələrinin cavabı ilə üzləşəcəyi və iki ölkə arasında gərginliklərin yeni dövrünün başlanacağı ilə bağlı rəsmi şəkildə xəbərdarlıq etdiyini bildirib. Əfqanıstanın vitse-prezidenti Pakistanı Taliban-ı açıq şəkildə dəstəkləməkdə günahlandırır.

Ancaq son günlərdə Əfqanıstanın Pakistandakı səfirinin qızının oğurlanması, işgəncəyə məruz qalması və sonradan sərbəst buraxılması fonunda iki qonşu ölkə arasındakı münasibətlər daha da gərginləşib.

Dünən bir sıra insanlar Pakistanın Kabildəki səfirliyi qarşısında toplaşaraq, etiraz aksiyası keçiriblər. Dünən gecə də Əfqanıstan hökuməti öz səfirini və yüksək səviyyəli diplomatlarını İslamabaddan geri çağırıb.

Pakistanın Xarici İşlər Nazirliyi Əfqanıstanın səfirini və diplomatlarını İslamabaddan geri çağırma qərarından təəssüfləndiyini və bu ölkənin qərarını yenidən nəzərdən keçirəcəyinə ümid etdiyini bildirib.

Son illərdə, xüsusilə də yaxın vaxtlarda Əfqanıstan daima Pakistanı Taliban-ı dəstəkləməkdə və Əfqanıstandakı müharibəni alovlandırmaqda ittiham edib; Pakistan isə bu ittihamları rədd edib.

Teqlər