Okt 31, 2021 10:26 Asia/Baku
  • Çinin inkişaf tempi başgicəlləndiricidir

ABŞ-ın ikinci ən yüksək rütbəli generalı ölkəsinin Çinlə bağlı narahatlıq keçirdiyini etiraf edib.

SəhərAzəri-nin məlumatına əsasən, Tayvanda ABŞ və Çin arasında gərginliyin günbəgün artması bütün dünyanın diqqətini bu iki supergücə çevirib.

ABŞ-ın baş qərargah rəisi general Mark Millidən sonra ikinci ən yüksək rütbəli generalı da Amerikanın Çinlə bağlı narahatlığını dilə gətirib. O, Çin ordusunun inkişaf sürətinin heyrət doğuran olduğunu və ABŞ-ın qəddar bürokratiyaya ilişib qaldığını deyib.

Gələn ay təqaüdə çıxmağa hazırlaşan baş qərargah rəisinin müavini general Con Hayten müdafiə naziri Lloyd Ostinin Çini “sürətli təhdid” kimi xarakterizə etməsi ilə razılaşdığını bildirib.

General Hayten Çinin hipersəs raket sınaqlarının narahatlıq yaratdığına toxunaraq deyib:“Çinin inkişaf tempi başgicəlləndiricidir. Əgər onların getdiyi tempi və izlədikləri trayektoriyanı dəyişmək üçün nəsə etməsək, Çin qətiyyən Rusiyanı və ABŞ-ı keçəcək. Ona görə də düşünürəm ki, təcili nəsə etməliyik”.

Generalın fikrincə, təkcə ABŞ yox, onun müttəfiqləri də ayıq-sayıq olmalıdır.

Teqlər