Yan 30, 2022 11:39 Asia/Baku
  • Ukraynaya qarşı müharibə təhlükəsi yoxdur, şişirtməyin!

Ukrayna prezidenti gözlənilməz açıqlamasında bu ölkəyə qarşı Rusiya tərəfindən müharibə təhlükəsinin olmadığını vurğulayıb.

 SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Zelenski dünya liderlərini Rusiyanın Ukraynaya genişmiqyaslı işğala hazırlığı ətrafında çaxnaşma yaratmamağa çağırıb.

O bir neçə beynəlxalq nəşrlərə müsahibəsində deyib ki, Rusiyanın işğal təhlükəsi ötən ilin yanvarında olduğundan yüksək deyil. Lakin yaradılan çaxnaşma səbəbindən Ukrayna iqtisadiyyatını itirə bilər.

“Hətta hörmətli dövlət liderlərindən siqnallar gəlir, hətta diplomatik dildə belə deyil, onlar artıq açıq deyirlər: “Sabah müharibə olacaq”. Bu, bazarlarda çaxnaşmadır, bu maliyyə sektorunda çaxnaşmadır”. “Əgər jurnalistlər, vəziyyətin necə olduğunu bilmək istəyirlərsə, qoy Kiyevə gəlsinlər… Küçələrdə gəzən tanklarımız varmı? Yox… KİV-ə görə, sanki bizdə müharibədir, bizdə küçələrdə ordu hərəkət edir, bizdə səfərbərlikdir, adamlar harasa gedir. Bu belə deyil”.

Bu arada Amerikanın CNN kanalı anonim yüksək rütbəli ukraynalı məmura istinadən xəbər verib ki, Zelenskinin ABŞ Prezidenti Co Baydenlə işğal təhlükəsi ilə bağlı fikir ayrılığı var. Telekanalın mənbəsinin sözlərinə görə, ABŞ Prezidenti Zelenskiyə Rusiyanın işğalı təhlükəsinin yaxında ola biləcəyini deyib. Ukrayna Prezidenti cavab verib ki, o, bunun baş verəcəyinə əmin deyil.

Ukrayna parlamentində prezidentyönlü “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia da bildirib ki, Qərb və ABŞ ölkədəki vəziyyət ətrafında çaxnaşma səpir. ABŞ-ın bunu etməsinin real səbəblərini bilmirəm, amma bu, qətiyyən Ukrayna iqtisadiyyatının xeyrinə işləmir.

Dünyanın aparıcı KİV-ləri yazır ki, ötən ilin sonundan Qərb ölkələrinin kəşfiyyat qurumları Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hücuma hazırlığı barədə xəbərdarlıq edir. Moskva isə bunu inkar edir.

Ukrayna prezidenti Zelenskinin bir müddət əvvəl yayılan video müraciətində də müharibə olmayacağını deyib.

ABŞ Prezident Co Bayden isə cümə günü Filadelfiyadakı çıxışında təhlükənin mövcud olduğunu bildirib və Birləşmiş Ştatların tezliklə az sayda ABŞ əsgərini Şərqi Avropa və NATO ölkələrinə göndərəcəyini bildirib.

Pentaqon bu həftənin əvvəlində bildirib ki, Rusiya ordusunun Ukrayna sərhədləri yaxınlığında cəmlənməsi fonunda Avropaya mümkün dislokasiya üçün təxminən 8500 ABŞ əsgəri gözləmə vəziyyətindədir. 

Teqlər