Fev 13, 2022 12:16 Asia/Baku
  • Ukrayna böhranı ilə bağlı son vəziyyət

Qərb dövlətləri Rusiyanın yaxın günlərdə Ukraynaya hücum edəcəyini bildirir Rusiya isə belə bir niyyətdə olmadığını vurğulayır. Türkiyənin xarici işlər naziri də qərbi qərəzli bəyanatlardan çəkinməyə çağırıb. Bu arada belə nəzərə gəlir ki,Baydenlə Putinin telefon danışıqları nəticəsiz olub.

SəhərAzəri-nin RİA Novostiyə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə müsahibəsində Rusiya və ABŞ prezidentlərinin telefon söhbəsinin 1 saatdan çox çəkdiyini deyib.

“Bugünkü söhbət ABŞ rəsmilərinin Rusiyanın guya Ukraynanı işğal etməsi ilə bağlı görünməmiş isteriya atmosferində keçdi”,-deyə Uşakov bidirib.

Rusiya prezidentinin köməkçisi bildirib ki, ABŞ Prezidenti telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaları xatırladıb, lakin bu məsələyə xüsusi diqqət yetirilməyib.

Yuri Uşakov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasındakı söhbətin balanslaşdırılmış və işgüzar xarakter daşıdığını qeyd edib.

Ağ evin yaydığı məlumatda isə deyilir ki, Bayden Putinlə telefonla Rusiya və Ukrayna sərhədində gərginliyin artmasını müzakirə edib.

Məlumata görə, Bayden Putinə bildirb ki, Ukrayna ətrafında gərginlik yaranarsa Rusiya ABŞ və onun müttəfiqləri ilə üz-üzə qalacaq.

"ABŞ Ukrayna ətrafında istənilən ssenariyə hazırdır və Rusiya ilə diplomatik danışıqları hədəfləyir",-deyə Ağ Evdən bildirilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Rusiyanın Ukraynaya hücum etmək niyyətinin olmadığını bir daha bəyan edib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 “Lavrov Blinkenlə telefon danışığı zamanı Rusiyanın Ukraynaya təcavüz etmək niyyətinin olmadığını bir daha bəyan edib”, - deyə "Reuters" xəbər verib.

 “ABŞ artıq iki aydır ki, Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı qlobal təxribat kampaniyası həyata keçirərək sağlam düşüncəni və Ukrayna xalqını ələ salır”. Bu sözləri isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da qərbi Rusiyaya qarşı qərəzli bəyanatlarda ittiham edib: “Rusiyanın Ukraynaya müdaxilə etməyə cəhd etməsi düzgün olmazdı. Əgər belə bir vəziyyət olmayacaqsa, qərb ölkələri Ukrayna ilə bağlı çaxnaşma yaradan bəyanatlarında diqqətli olmalıdırlar"-deyə Mövlud Çavuşoğlu bildirib.

 

Teqlər