Fev 15, 2022 17:44 Asia/Baku
  • Moskva Minsk razılaşmasına sadiqdir

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Dövlət Duması tərəfindən “Luqansk və Donetsk Respublikaları”nın tanınması ilə bağlı Prezident Vladimir Putinə müraciəti şərh edərkən deyib ki, Rusiya cəmiyyəti Donbasın taleyinə biganə deyil, lakin Moskva Minsk razılaşmalarına sadiq qalır.

SəhərAzəri-nin məlumatına əsasən, Peskov qeyd edib ki, Rusiya dəfələrlə Minsk tədbirlər paketinə sadiq qaldığını və bütün Minsk fəaliyyət planının orada nəzərdə tutulan ardıcıllıqla mümkün qədər tez həyata keçirilməsinin tərəfdarı olduğunu bəyan edib.

O, Rusiyanın “Luqansk və Donetsk Xalq Respublikalar”ını tanıması ehtimalı ilə bağlı rəsmi qərarların verilmədiyini vurğulayıb.

Kremlin sözçüsü TASS-ın Rusiya Federasiyasının hansı şəraitdə belə bir addım ata biləcəyi sualına cavab verməkdə çətinlik çəkib: “Mən bu suala cavab verə bilmərəm. Bilirsiniz ki, bu məsələ ilə bağlı heç bir rəsmi qərar verilməyib, rəsmi müzakirələr aparılmır”.

Dövlət Dumasında bu mövzunun müzakirəsi barədə danışan Peskov işarə edib ki, xalq nümayəndələri insanların fikrini, xalqın fikrini əks etdirir: “Ona görə də onlar xalq üçün aktual olanı müzakirə edirlər. Biz buna anlayışla yanaşırıq, başqa cür yanaşmaq mümkün deyil”.

Teqlər