Qərb Rusiyaya qarşı iqtisadi müharibəyə start verdi
Rusiya bankları SWIFT-dən kənarlaşdırılır
Qərb dövlətlərinin Rusiyaya qarşı iqtisadi cəza tədbiləri qüvvəyə mindi, sanksiyaya məruz qalan Rusiya bankları SWIFT-dən kənarlaşdırılacaq.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.
Britaniyanın baş naziri Boris Conson isə deyib ki, Rusiya banklarının SWIFT-dən kənarlaşdırılması Rusiyanın dünya maliyyə sistemindən təcridi yolunda ilk addımdır. “Bu gün biz beynəlxalq tərəfdaşlarımızla Rusiyanı qlobal maliyyə sistemindən ayırmaqla bağlı qərar verdik. Bura rus bankları üçün SWIFT-in söndürülməsi də daxildir”, - deyə Conson Tvitterdə yazıb.
Ağ Ev şənbə günü bəyan etmişdi ki, ABŞ və onun müttəfiqləri bəzi Rusiya banklarını əsas beynəlxalq bank sistemindən kənarlaşdıracaqlar.
“Biz Rusiya ilə hesab çəkəcəyik və kollektiv şəkildə bu müharibənin Putin üçün strateji uğursuzluğa düçar olmasını təmin edəcəyik”, deyə Ağ Evin sözçüsü demişdi.
Qərb dövlətləri ümid edirlər ki, Rusiyanı bu yolla durdurmaq mümkün olacaq, isti müharibəyə keçməkdən isə imtina edirlər.
Amerika prezidenti son bəyanatında bildirmişdi ki, Üçüncü Dünya Müharibəsi baş verməsin deyə, bu tədbirlər görülür.
Siyasi çevrələrdə isə deyilir ki, başda ABŞ lideri olmaqla Qərbin aparıcı dövlətlərinin provakasiyaları müharibəyə səbəb olmuşdur. Belə ki, Rusiya təhlükəsizlik narahatlıqlarının aradan qalmadığına xatir güc tətbiq etmək yolunu seçdi və bunun bədəlini ödəyəcəyini də gözləri önünə gətirdi.
Rusiya rəsmiləri deyirlər ki, sanksiyalar ouların öz qərarlarından vaz keçmələrinə səbəb olmayacaqdır.