Rusiya bir daha Ukraynaya çağırış etdi
“Kiyev Moskvanın şərtlərini yerinə yetirərsə əməliyyat dayandırılacaq”
Rusiya Ukraynaya bildirib ki, Kiyev Moskvanın şərtlərinə əməl edərsə, xüsusi əməliyyatı “hər an” dayandıra bilər.
SəhərAzəri-nin məlumatına əsasən,RİA Novosti xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd olunur ki, bu müsahibə Rusiya və Ukrayna arasında danışıqların üçüncü raunduna cəmi iki saat qalmış yayılıb.
“Onlara (Ukraynalılara) deyilib ki, bütün bunlar bir anda dayana bilər”, – deyə Peskov bildirib.
Kreml nümayəndəsinin dediyinə görə, Ukrayna Konstitusiyaya dəyişiklik etməli və “istənilən bloka” qoşulmaq iddialarından əl çəkməlidir.
Bundan əlavə, Peskovun sözlərinə görə, Ukrayna Krımı Rusiya olaraq, "DXR" və "LXR"-i isə müstəqil dövlətlər kimi tanımalıdır.
“Biz faktiki olaraq Ukraynanın demilitarizasiyasını başa çatdırırıq. Biz bunu başa çatdıracağıq... Onlar (ukraynalılar) hərbi əməliyyatları dayandırmalıdırlar”, - deyə o vurğulayıb.