Apr 09, 2022 11:49 Asia/Baku
  • Pentaqon vağzalın Rusiya, Kreml isə Ukrayna tərəfindən vurulduğunu deyir

Pentaqon Kramatorskdakı raket hücumunun Rusiya tərəfindən olduğunu iddia edir, ruslar isə Ukraynanı günahlandırırlar.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon Kramatorskdakı dəmiryol vağzalına raket hücumunun məhz Rusiya tərəfindən olduğunu təsdiqləyib.

Bu barədə aprelin 8-də jurnalistlər üçün keçirilən qapalı brifinqdə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.

“Aydındır ki, biz rusiyalıların bu raket hücumuna görə cavabdeh olmamaları ilə bağlı etirazlarını qəbul etmədik. Onlar əvvəlcə uğurlu buraxılış barədə elan etdilər, lakin nəticələr barədə məlumat verilən kimi bunu təkzib etdilər”, - deyə Pentaqondakı mənbə bildirib.

Pentaqon həmçinin hesab edir ki, Rusiya Kramatorska hücum üçün RF Silahlı Qüvvələrinin 2021-ci ildə yaradılan 18-ci motoatıcı diviziyasından istifadə edəcək.

Xatırladaq ki, aprelin 8-də Kramatorsk dəmiryolu vağzalına iki ədəd “Toçka-U” raketi atılıb. Həmin vaxt stansiyada təxliyə olunmağı gözləyən minlərlə insan olub. Son məlumatlara görə, raket hücumu nəticəsində azı 52 nəfər ölüb, 109 nəfər yaralanıb.

İttihamlara cavab olaraq Rusiya Federasiyası bildirib ki, aprelin 8-də Rusiyanın Donetsk vilayətinin Kramatorsk dəmir yolu stansiyasına raket hücumu həyata keçirməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil və Kiyev Kramatorska endirdiyi zərbəyə görə məsuliyyətdən yayına bilməyəcək.

Rusiya XİN-nin bəyanatında vurğulanır ki, Ukrayna qoşunları tərəfindən Kramatorsk şəhərinin raket atəşinə tutulması barbar təcavüz aktıdır. Rusiya tərəfi həmçinin beynəlxalq ictimaiyyəti Ukrayna birləşmələrinin törətdiyi cinayətə dair obyektiv qiymət verməyə çağırır.

Rusiya Müdafiə Nazirliyi də iddia edib ki, fraqmentləri Kramatorsk dəmir yolu stansiyası yaxınlığında aşkarlanan və hadisə şahidləri tərəfindən dərc edilən “Toçka-U” taktiki raketlərindən yalnız Ukrayna hərbçiləri istifadə edir.

Teqlər