Apr 16, 2022 12:13 Asia/Baku

Qara Dənizdə Rusiya dəniz donanmasının flaqmanı sayılan Moskva raket kreyserinin Neptun raketləri ilə vurulmasına cavab olaraq, bu raketləri istehsal edən zavoda raket zərbəsi endirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya “Neptun” gəmi əleyhinə raketlər üçün komponentlər istehsal edən müəssisəsinin sexlərinə raket hücumu edib.

Məlumatda qeyd olunur ki, Rusiya aprelin 15-də saat 01:30 radələrində Ukrayna tərəfindən Qara dənizdə "Moskva" freqat-kreyserinin batması xəbərindən sonra raket hücumu həyata keçirib.

Digər tərəfdən bu gün səhər saatlarında Kiyevə də raket zərbələri endirilib.

Şəhər meri Vitali Kliçko Teleqram səhifəsində raket zərbələrinin Kiyevin Darnitski rayonuna endirildiyini bildirib.

Kliçko Kiyevə geri dönmək istəyən şəhər sakinlərinə hələlik olduqları yerdə qalmağı tövsiyə edib.

Ukrayna Prezidenti Vladimir Zelenski isə CNN-ə müsahibəsində ölkəsinin tələfatı barədə deyib: "Bizdə olan rəqəmlərə əsasən hesab edirik ki, 2 500-dən 3 000-ə qədər hərbçimizi itirmişik. 10 min yaralımız var, onlardan neçəsinin sağ qalacağını demək çətindir."

Zelenski həmçinin ABŞ Prezidenti Cozef Baydenə Rusiyanı terrorizmin himayədarı kimi tanıması ilə bağlı müraciət edib.

ABŞ Prezidenti bundan əvvəl ukraynalı həmkarına Moskvaya daha çox təzyiq göstərmək üçün bir sıra müxtəlif təklifləri araşdırmağa hazır olduğunu bildirib.

Bu arada ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqındakı müttəfiqlərinə bildirib ki, Vaşinqtonun fikrincə, Ukraynadakı münaqişə 2022-ci ilin sonuna qədər davam edə bilər.

ABŞ mediası qeyd edir ki, belə bəyanatlar Rusiya hərbi əməliyyatının əvvəlində onun tez başa çatacağını gözləyən Vaşinqtonun qiymətləndirməsində ciddi dəyişikliyə dəlalət edir.

Teqlər