Apr 30, 2022 11:47 Asia/Baku
  • Lavrov Ukraynadakı əməliyyatın nə vaxt başa çatacağını açıqlayıb

Rusiyanın xarici işlər naziri Ukraynadakı xüsusi əməliyyatın nə vaxt başa çatacağını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Əl Ərəbiyyə” telekanalına müsahibəsində Ukraynada hərbi əməliyyatın başa çatma vaxtı ilə bağlı sualı cavablandırıb.

Jurnalist bu əməliyyatın mayın 9-na kimi başa çatıb-çatmayacağını soruşub.

Lavrov cavab verib ki, bu, artıq elan edilmiş məqsədlər həyata keçirildikdən və əldə edildikdən sonra başa çatacaq.

Nazir eyni zamanda Rusiya ərazisindəki obyektlərə hücumlarla bağlı insidentlər fonunda əməliyyatın məqsədlərinə nail olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, Rusiya Kiyevin “avantüralarının qarşısını almaqla məşğuldur”.

Sülh danışıqlarına gəlincə, Lavrov deyib ki, onlar Kiyev hakimiyyətinin qeyri-ardıcıl mövqeyinə görə dayanıb.

“Əgər onlar vicdanlı danışıqlar aparsaydılar, addım-addım razılaşdıqları şeyə sadiq qalsaydılar, biz bu danışıqlarda mühüm irəliləyiş əldə edə bilərdik”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Ukrayna BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Almaniya və Türkiyənin daxil olduğu bir qrup dövlətdən təhlükəsizlik zəmanəti ala bilər.

Lavrov əlavə edib: "Biz bunun əleyhinə deyilik. Əsas odur ki, onların nə dərəcədə ardıcıl olduğunu başa düşək, xüsusən də bu təminatların hansı əraziləri əhatə etməsi məsələsində. Təbii ki, başa düşdüyünüz kimi, bu, Krım və Ukraynanın şərqinə aid edilə bilməz, çünki biz həmin respublikaların müstəqilliyini tanımışıq. Onlar əvvəlcə İstanbuldakı danışıqlarda bununla razılaşsalar da, sonra nəzər nöqtələrini dəyişdilər”.

O vurğulayıb ki, danışıqlar Kiyevin daim bu oyunları oynamaq istəməsi, həmçinin Vaşinqton, London və digər paytaxtlardan gələn danışıqlar prosesinin sürətləndirilməməsi ilə bağlı göstərişlərə görə dalana dirənib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov söhbətinin sonunda bildirib ki, Qərb istehlak etdiyi qaza görə ödəniləcək pulu Rusiya Federasiyasından oğurlayıb və təxminən 300 milyard dolları verməkdən boyun qaçırıb.

Teqlər