Medvedev ölkəsinin Ukrayna ilə bağlı siyasətini şərh edib
“Bu müharibə dünyada təhlükəsizlik sistemini dəyişəcək”
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Ukraynadakı "proksi müharibə", hərbi əməliyyatlar və NATO-nun genişlənməsi barədə Əl-Cəzirənin suallarını cavablandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Medvedev bu müsahibədə deyib ki, ABŞ Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına cavab olaraq "proksi müharibə" elan edib.
“Xüsusi hərbi əməliyyatımıza cavab olaraq, Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi NATO ölkələri bizə Ukraynanı külli miqdarda silahla təmin etməkdən ibarət olan proksi müharibə elan etdilər. Orada hər yolla militarist əhval-ruhiyyəni, militarist çılğınlığı qoruyub saxlamağa çalışırlar ki, Ukrayna, necə deyərlər, sona qədər, indi dedikləri kimi, son ukraynalıya qədər mübarizə aparsın”, deyə Medvedev bildirib.
O əlavə edib ki, bu halda ABŞ və ya Avropanın maraqları zərər görmür. Çünki artıq altı milyon insan Ukraynanı tərk edib və indi baş verənlərə görə məsuliyyətin əhəmiyyətli hissəsini bu ölkələr daşıyır.
Medvedev 2014-cü il hadisələrini və kağız üzərində qalan Minsk razılaşmalarını xatırladıb və deyib: "Bunun baş verməməsində əslində Ukraynaya öz nöqteyi-nəzərini qəbul etdirənlərin böyük rolu olub. Mən sizə birbaşa deyəcəyəm ki, onlar kimlərdir. Bunlar Amerika Birləşmiş Ştatları, Avropa ölkələri və ABŞ-dır. Bütövlükdə Şimali Atlantika Alyansı. Destruktiv mövqeyi olmasaydı, razılaşmaq olardı”.
Bundan əlavə, onun sözlərinə görə, Rusiya NATO-nun genişlənməsindən narahat olmaya bilməzdi və hətta Moskva Vaşinqtona təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflər göndərəndə də cavab gəlməyib.
Rusiyalı rəsmi müsahibənin davamında deyib: "Rusiya Federasiyası ilə sərhədlərdə zərbə raket sistemlərinin yerləşdiriləcəyi xarici bazaların, NATO bazalarının olması təhlükəsizlik məsələlərində tam inqilabdır. Bu, bizim üçün tamamilə qəbuledilməz təhdid xarakteri yaradar"
Medvedev vurğulayıb ki, belə bir şəraitdə Rusiya özünü lazımi səviyyədə təhlükəsizliklə təmin etməli idi. “Ona görə də ölkə prezidenti xüsusi hərbi əməliyyat keçirmək qərarına gəlib”, - deyə sədr müavini əlavə edib.