İyun 07, 2022 11:07 Asia/Baku

Rusiya prezidenti Vladimir Putin Qərbin sanksiyalarının effektivsizliyindən danışıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti XXV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun iştirakçılarına və qonaqlarına təbriki zamanı deyib: "Qərb ölkələrinin iqtisadi siyasətdə uzun illər yol verdiyi səhvlər qlobal inflyasiya dalğasına, tədarük zəncirlərinin məhvinə, ərzaq çatışmazlığına və yoxsulluğun kəskin artmasına gətirib çıxarıb."

 Onun sözlərinə görə, Rusiya üçün 2020-ci illər öz infrastrukturunun və texnoloji bazasının sürətli inkişafını, mütəxəssislərin hazırlığı səviyyəsinin keyfiyyətcə yüksəldilməsini, həmçinin, müstəqil və səmərəli maliyyə sisteminin formalaşmasını nəzərdə tutan iqtisadi suverenliyin möhkəmləndirilməsi dövrü olacaq. Eyni zamanda, Rusiya iqtisadiyyatı getdikcə daha çox şəxsi təşəbbüsə arxalanacaq və təbii ki, açıqlıq və geniş beynəlxalq əməkdaşlıq kursunu qoruyacaq.

Bu arada "Bloomberg"də dərc edilən məqalədə Putinin fikirlərini təsdiqləyın məqamlara işarə olunub. Məqalədə deyilir ki, Qərb ölkələri özlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların yaratdığı iqtisadi problemlər üzündən zəifləyib, nəticədə Avropa Moskva ilə iqtisadi qarşıdurmada ləngiməyə başlayıb.

Məqalə "YouGov" sosioloji institutunun 2022-ci ilin aprelində keçirdiyi sorğunun nəticələrini təqdim edib. Nəticəyə əsasən, İtaliya və İspaniya da daxil olmaqla yeddi Avropa ölkəsində respondentlərin 30%-dən çoxu müdafiə və təhlükəsizliyi gücləndirmək əvəzinə, Rusiya ilə ticarət və diplomatiyanın inkişafının tərəfdarı olub. 

Agentlik hesab edir ki, Qərb ölkələri “sanksiyalardan yorulub” və yeni sanksiyaların tətbiqi getdikcə çətinləşir. Bildirilir ki, buna Avropa İttifaqı daxilindəki fikir ayrılıqları da səbəb olur. Məqalə müəllifi Lionel Loran vurğulayır ki, sanksiyalar “maliyyə silahı” kimi gözlənilməz nəticələrə gətirib çıxara bilər. 

Teqlər