Rusiya mövcud təlatümlərdə Ağ Evi günahkar sayır
Putin: ABŞ Ukraynadakı münaqişəni uzatmağa çalışır
Rusiya prezidenti bəyan edib ki, Qərb əldən gedən hegemonluğu qoruyub saxlamağa çalışır, istənilən alternativ inkişaf yollarını cilovlamaq siyasəti yürüdür.
SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə 10-cu Moskva Konfransının iştirakçıları və qonaqlarına müraciətində belə deyib.
Onun sözlərinə görə, hazırda çoxqütblü dünya düzəninin konturları formalaşır, getdikcə daha çox ölkə suverenlik yolunu seçir.
Kreml rəhbəri bildirib ki, kollektiv Qərb məqsədyönlü şəkildə Avropanın təhlükəsizlik sistemini məhv edir.
Rusiya prezidenti Ukraynada davam edən müharibəyə də toxunub:
"Ukraynadakı vəziyyət onu göstərir ki, ABŞ bu münaqişəni uzatmağa çalışır. Bundan əlavə Asiya, Afrika, Latın Amerikasında eyni şəkildə hərəkət edərək münaqişə potensialını gücləndirirlər", - deyə Putin qeyd edib.
Konfransda çıxış edən Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu da deyib ki, Avropada təhlükəsizliklə bağlı vəziyyət soyuq müharibə dövründəkindən də pisləşib.
"Alyansın hərbi fəaliyyəti ən aqressiv, anti-Rusiya oriyentasiyası əldə edib. Amerika Birləşmiş Ştatlarından əhəmiyyətli qüvvələr qitəyə yerləşdirilib, Şərqi və Mərkəzi Avropada koalisiya qoşunlarının sayı əhəmiyyətli dərəcədə artıb", - deyə Şoyqu qeyd edib.