Duqinanın qətli ilə bağlı
Rusiya Ukraynanın təkzibi ilə razılaşmır
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Ukrayna dövləti məhz Qərb təlimat kitabçalarında yazılanları yerinə yetirir.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevin rusiyalı politoloq və jurnalist Darya Duqinanın qətlində iştirakının olmaması ilə bağlı dediklərini yalan adlandırıb. Bu barədə o, Sputnik radiosunun efirində deyib.
"Bu, yalan zəncirinin daha bir halqasıdır. Amma Qərb bunu da görmür. Görə bilmədiyi üçün yox, ona görə ki, Kiyev rejimi məhz bu Qərb təlimat kitabçalarında yazılanları yerinə yetirir", - diplomat bildirib.
Onun sözlərinə görə, Duqin Ukraynanın "Sülhməramlı" saytının siyahısına salınıb. Daryanın ölümündən sonra onun adının qarşısında "ləğv edilmiş" qeydi görünüb.
Rusiyada avtomobilin partladılmasında ukraynalı "millətçilər" günahkar bilinirlər. İstintaq ictimai xadim Aleksandr Duqinin qızı jurnalist Darya Duqinanın qətlinin əvvəlcədən planlaşdırılmış və sifarişli olduğunu hesab edir. Bu barədə "İnterfaks"a Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.
Komitənin məlumatına görə, istintaq artıq müəyyən edib ki, Duqinanın avtomobilinin altına sürücü tərəfə partlayıcı qurğu qoyulub.
"Avtomobilin videoçəkilişi götürülüb, cinayəti törədən şəxslərin və hadisənin digər şahidlərinin müəyyən edilməsi üçün əməliyyat başlayıb", - deyə Rusiya İK qeyd edib.
Duqinanın avtomobili avqustun 20-də saat 21:30 radələrində Moskva vilayətinin Bolşiye Vyazemi kəndi yaxınlığında partladılıb. Duqina hadisə yerində keçinib. Faktla bağlı cinayət işi başlanıb.
Moskva vilayətinin prokurorluğu artıq Daria Duqinanın qətli ilə bağlı işi nəzarətə götürüb.