Səfərbərlik Putinə başağrısı gətirdi
Rusiyalılar Qazaxıstanla sərhəddə çadırlar qururlar
Səfərbərlikdən yayınan rusiyalıların həmsərhəd ölkələrə qaçışı davam edir.
SəhərAzəri-nin məlumatına əsasən, hazırda ölkə vətəndaşlarının kütləvi şəkildə üz tutduqları yerlərdən biri də Qazaxıstandır.
Məlumatda deyilir ki, Rusiya - Qazaxıstan sərhədindəki Teploye keçid məntəqəsində minlərlə insan növbə gözləyir. Onlar çadır qurur, daxmalar tikir, ocaq qalayır və hətta açıq havada belə yatırlar.
Qeyd edək ki, Vladimir Putin Rusiyada səfərbərlik elan edəndən dərhal sonra rus vətəndaşları ölkəni hava, quru, dəniz yolları ilə tərk edib canlarını qurtarmağa çalışdılar. Təyyarə biletləri fantastik qiymətə yüksəldiyindən ruslar daha çox Gürcüstan, Qazaxıstan üzərindən “aradan çıxırlar”.
Maraqlı hal odur ki, ruslar Rusiyanın illər öncə hücum etdiyi, ərazilərini tutduğu Gürcüstana pənah aparırlar.
Son məlumata görə, Rusiyadan Gürcüstana bugünədək on minlərlə rus keçib, hazırda Rusiya-Gürcüstan sərhədində 6000 minə yaxın nəqliyyat vasitəsi növbə gözləyir.
Qeyd edək ki, Rusiya vətəndaşlarının heç də hamısı Gürcüstanda qalmır, onlar buradan tranzit kimi istifadə edib, Türkiyəyə, bir çoxları isə oradan Şərqi Avropaya üz tutmağa çalışırlar.