Rusiya lideri ölkə iqtisadiyyatının durumundan razılıq ifadə etdi
Putin: İqtisadi vəziyyət sabitdir, proqnozlardan qat-qat yaxşıdır
Rusiya prezidenti “Rossiya 1” telekanalının verilişində ölkəsinin iqtisadiyyatındakı vəziyyəti sabit adlandırıb.
Vladimir Putin əldə olunan nəticələrin təkcə Rusiya rəqiblərinin proqnozlarından deyil, həm də ölkə rəhbərliyinin gözləntilərindən yaxşı olduğunu vurğulayıb.
O bildirib: “İqtisadiyyatda vəziyyət sabitdir, üstəlik, bu, nəinki rəqiblərimizin, hətta bizim proqnozlaşdırdığımızdan qat-qat yaxşıdır. Bütövlükdə vəziyyətimiz nəinki sabitdir, hətta məncə, kifayət qədər qənaətbəxşdir”.
V. Putin qeyd edib ki, Rusiyada əsas makroiqtisadi göstəricilərdən biri - işsizlik tarixi minimum səviyyədədir:
“İnflyasiya gözlənildiyindən aşağıdır və ən əsası, azalma tendensiyası var. Hesab edirəm ki, bu ilin birinci rübünün nəticələrinə görə, bugünkü 11,9 faizdən 5 faizə yaxınlaşa bilər. Bu isə insanların layiqli həyat səviyyəsini təmin etmək, onların real gəlirlərini təmin etmək üçün çox mühüm göstəricidir”.