Sen 01, 2023 13:41 Asia/Baku
  • Qarabağda humanitar vəziyyətə son qoyulmalıdır!

Qərb dövlətləri Qarabağ ermənilərinə görə Bakıya təzyiqlərini artırırlar.

Bununla əlaqədar ABŞ Dağlıq Qarabağdakı humanitar vəziyyətdən "dərin narahatlığını" ifadə edib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib: “Biz layiqli dolanışıq üçün zəruri olan ərzaq, dərman və digər malların blokadası nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən dərin narahatıq”.

Birləşmiş Ştatlar “son bir neçə həftə ərzində Dağlıq Qarabağ əhalisinə humanitar yardımın çatmasına üçün tərəflərlə ardıcıl işləyib. Biz humanitar, kommersiya və sərnişin daşımaları üçün Laçın dəhlizinin dərhal açılmasına çağırışımızı təkrar edirik. Zira əsas humanitar yardım heç vaxt siyasi ziddiyətlərin girovu olmamalıdır”, - deyə Miller bildirib.

Öz növbəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Azərbaycanı Laçın dəhlizi boyunca hərəkət azadlığını təmin etməyə çağırıb

Aİ xarici işlər nazirlərinin İspaniyada keçirilən görüşdən sonra Borrel deyib: “Biz Azərbaycan hakimiyyətini Laçın dəhlizi boyunca təhlükəsiz və sərbəst hərəkəti təmin etməyə çağırırıq”.

Bu arada almaniyalı deputat Avropa Şurasının faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa göndərilməsini təklif edib.

Almaniya Federativ Respublikası Bundestaqının xarici əlaqələr komitəsinin sədri Mixael Rot X mikrobloqunda Dağlıq Qarabağın blokadaya alındığını iddia edərək yazıb: “Dağlıq Qarabağda real humanitar fəlakət və etnik təmizləmə təhlükəsi var. Beləliklə, Azərbaycan Cənubi Qafqazda Ermənistan-Azərbaycan sülh və təhlükəsizliyinin kövrək prosesini təhlükə altına atır. Aİ və Almaniya susmamalıdır. Azərbaycan blokadanı dərhal aradan qaldırmalıdır. Bizə Avropa Şurasının Dağlıq Qarabağda faktaraşdırıcı missiyası lazımdır. Aİ-nin Ermənistandakı müşahidə missiyası gücləndirilməlidir”.

Almaniyanın xarici işlər naziri bundan əvvəl bildirmişdi ki, Dağlıq Qarabağ xalqının humanitar yardım alacağına zəmanət vermək üçün ABŞ-la bir neçə gündür müzakirələr davam edir.

 

Teqlər