Avq 12, 2024 13:29 Asia/Baku
  • Avropa İttifaqı axır ki dilə gəldi!

Borrell İsrail nazirinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Avropa İttifaqı diplomatiyasının rəhbəri İsrail rejimini müharibə cinayətlərinə son qoymağa çağırıb.

Cosep Borrell Avropa İttifaqını İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirməyə çağıraraq, X sosial şəbəkəsində yazıb ki, İsrail rəsmisinə Qəzzə zolağına verilən yanacağın və döyüşlərin getdiyi anklavın mülki əhalisinə yardımın həcmini azaltmaq barədə çağırışlarına görə sanksiyalar tətbiq edilməlidir.

“Dünya Qəzzada atəşkəsdə israr etsə də, nazir Ben-Qvir yanacaq tədarükünü və mülki şəxslərə yardımı azaltmağa çağırır”, deyə Borrell yazıb.

Aİ diplomatiyasının rəhbəri qeyd edib ki, İsrailin maliyyə naziri Bezalel Smotriçin bəyanatları ilə yanaşı, bu da müharibə cinayətlərinə təhrikdir, ona görə də sanksiyalar Aİ-nin gündəliyində olmalıdır.

Qeyd edək ki, Ben-Qvir Fələstin Milli Administrasiyasına qarşı daha sərt mövqeyi müdafiə edir. İsrailin təhlükəszilik naziri dəfələrlə HƏMAS ilə razılaşmaya və Qəzzədə müharibənin sona çatmasına qarşı çıxıb və deyib ki, “acı sona” getmək və “məntiqsiz” sövdələşmədən imtina etmək lazımdır.

Öz növbəsində Smotriç isə iki milyon fələstinlinin aclıqdan ölümünə səbəb olsa belə, Qəzzəyə humanitar yardımın çatdırılmasının qarşısını almağı düzgün hesab edir.

 

Teqlər