Avq 10, 2017 14:49 Asia/Baku
  • Rusiyanın kəşfiyyat təyyarəsi Vaşinqton üzərində
    Rusiyanın kəşfiyyat təyyarəsi Vaşinqton üzərində

Rusiyanın bir ədəd kəşfiyyat təyyarəsi "Açıq Səma Müqaviləsi" çərçivəsində Vaşinqton üzərində uçuş həyata keçirib.

Londonda çıxan Deyli Mil qəzetinin internet səhifəsində yer alan məlumata görə, Rusiyanın bir ədəd kəşfiyyat təyyarəsi çərşənbə günü "Açıq Səma Müqaviləsi" çərçivəsində Vaşinqton üzərində uçuş həyata keçirərək, Ağ Ev, ABŞ Konqresi və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) binaları üzərindən keçib. Bu məlumata görə, rus təyyarəsi ABŞ prezidenti Donald Trampın Nyu-Cersidə qolf oynamaqla məşğul olduğu klubun üzərindən də keçib.

Bir "Topolov" təyyarəsi olduğu bildirilən bu kəşfiyyat təyyarəsi aşağı hündürlükdən uçaraq, dəfələrlə Vaşinqtonun üzərindən keçib. Bu uçuş silahsız və rəqəmsal kamera ilə təchiz edilmiş təyyarə ilə həyata keçirilib. Bu uçuşla bağlı öncədən hədəf ölkə məlumatlandırılmış olur.

Açıq Səma Müqaviləsi 24 Mart 1992-ci ildə Finlandiyanın Helsinki şəhərində imzalanıb. Bu müqavilə 2002-ci ilin  yanvarından etibarən icra edilir. Rusiya 2001-ci ildə bu müqaviləyə qoşulub.

Belə bir müqavilənin imzalanmasında məqsəd, müqaviləni imzalamış ölkələr arasında şəffaflığın təmin edilməsidir. 34 ölkənin imzaladığı bu müqavilə hərbi və silahlanma fəaliyyətlərini nəzarət altında saxlamaq məqsədini daşıyır.

Teqlər