Okt 22, 2017 10:12 Asia/Baku
  • Barselona əhalisi İspaniya hökumətinin qərarlarına qarşı aksiya keçirdi
    Barselona əhalisi İspaniya hökumətinin qərarlarına qarşı aksiya keçirdi

Minlərlə Barselona sakini Kataloniya muxtariyyəti rəhbərləri ilə birlikdə şənbə günü İspaniya Konstitusiyasının 155-ci maddəsinin tətbiq olunmasına dair bu ölkə hökumətinin qərarına etiraz olaraq aksiya keçirib.

İRNA-nın məlumatına görə, etirazçılar Kataloniyanın müstəqilliyinin tərəfdarı olan rəhbərlərdən ikisinin azad olunmasını tələb ediblər. Belə ki, həmin iki şəxs İspaniya polisi tərəfindən xəyanət ittihamı ilə saxlanılıb. 

İspaniya hökuməti 21 oktyabrda Kataloniyanın muxtariyyət statusunu dayandırıb. 

İspaniya baş naziri Mariano Raxoy Nazirlər Kabinetinin fövqəladə iclasından sonra deyib: Kataloniyanın muxtariyyət statusunun dayandırılması müvəqqətidir və referendum təşkil edən rəhbərlərin kənarlaşdırılmasından sonra Kataloniya dövlət qurumları qanuna əsasən öz işlərini davam etdirəcəklər. 

Madrid bu qərarı İspaniya Konstitusiyasının 155-ci maddəsinə əsasən verib. Bu maddə mərkəzi hökumətə böhranlı şərait olduğu halda birbaşa şəkildə muxtariyyətləri idarə etmək imkanı verir. 

Bu qərar İspaniya Senatında da təsdiqlənməlidir. 

Kataloniyanın İspaniyadan ayrılması üzrə qalmaqallı referendum 1 oktyabrda Madridin ona qarşı çıxmasına baxmayaraq keçirildi. Kataloniya rəsmilərinin bildirdiyinə əsasən, bu bölgə əhalisinin təxminən 90% bu bölgənin İspaniyadan müstəqil olmasına səs verib. Halbuki bu referendumda səsvermə hüququna malik seçicilərin sadəcə 43%-i iştirak edib. 

Teqlər