Viktoriya gölündə faciə; 44 nəfər canından oldu
Tanzaniya hökuməti Viktoriya gölündə bir gəminin batması nəticəsində 44 nəfərin həyatını itirdiyini bildirib.
Röyters-in məlumatına görə, "Nyerere" adlı gəmi cümə axşamı Afrikanın ən iri gölü olan Viktoriya gölünün cənubunda, Yukara adası yaxınlığında batıb. Yerli rəsmilərin dediklərinə görə, xeyli miqdarda yükə də malik olan bu gəminin batması nəticəsində ölənlərdən 44-nün cənazəsi aşkar edilib. 37 nəfər isə sağ qalmağı bacarıb.
Tanzaniya hökuməti gəmidəki sərnişinlərin sayının dəqiq formada qeydə alınmadığına əsaslanaraq, hadisə nəticəsində ölənlərin sayının 200 nəfərə çatacağı ehtimalından xəbər verib.
Gəminin batmasının səbəbləri hələ ki, məlum deyil. Amma, deyilənlərə görə, oxşar hadisələr Viktoriya gölündə tez-tez baş verir. Bunun səbəbi isə gəmilərin həddindən artıq köhnə və yararsız olması, gəmiyə həddindən artıq yük götürülməsi və təhlükəsizlik məsələlərinə əhəmiyyətin verilməməsidir.
1996-cı ildə Viktoriya gölündə baş vermiş oxşar hadisədə 700 nəfər həyatını itirmişdi. 2012-ci ildə isə təqribən 60 nəfərin Viktoriya gölündə batdığı bildirilir. 2016-cı ildə də 20 nəfər Viktoriya gölündə boğularaq ölüb.
2012-ci ildə Tanzaniya sahillərində, Zənzibar yaxınlığında baş verən faciədə 144 nəfər həlak olmuşdu.
Viktoriya gölü Nil çayının mənşəyidir və Keniya, Uqanda və Tanzaniya ilə sərhədlərə malikdir.
Bəzi medialar Viktoriya gölündə ölüm hallarının artmasına görə bu gölün adını "Ölüm tələsi" qoyublar.