İtalyanlar irqçiliyə qarşı aksiya keçiriblər
Minlərlə italiyalı bu ölkədə yaşayan mühacirlərlə yanaşı, "İtaliya hökumətinin racist siyasətləri" adlandırdıqları məsələyə qarşı aksiya keçirib.
Dünən Roma şəhərində keçirilən bu aksiyada 450-dən çox təşkilat, hərəkat və cəmiyyətin üzvləri hökumətin qəbul etdiyi "təhlükəsizlik və mühacirət" layihəsinə etiraz ediblər. Onlar bütün miqrantların qəbul edilmələrini istəyiblər.
Bu aksiyada müxtəlif ölkələrdən, o sıradan Seneqal, Hindistan və Suriyadan olan çoxlu sayda miqrant iştirak edib. Onlar "Biz kişi və qadınların hamısı, vahid bir insan, vahid bir kimliyik!" şüarı ilə İtaliya hökumətinin rasist siyasətlərinə etiraz ediblər.
Romanın mərkəzi küçələrində aksiya keçirən etirazçılar yeni "təhlükəsizlik və mühacirət" qanununun ləğv edilməsini istəyiblər.
Etirazçılar mühacirlərin ölkədən çıxarılmalarına, faşist təhdidlərinə, ksenofobiyaya və hər növ ayrı-seçkiliyə, həmçinin İtaliyanın baş nazir müavini və daxili işlər naziri Matteo Salviniyə və İtaliyanın baş nazir müavini və iqtisadi inkişaf, əmək və sosial siyasət naziri Luici Di Mayoya qarşı şüarlar veriblər.
Sağçı "İttifaq" partiyası və "5 ulduz" hərəkatından təşkil olunmuş İtaliyanın koalisiya hökumətinin miqrantlar qarşısındakı sərt siyasətləri bu ölkədə insan haqları fəalları və sülh tərəfdarlarının geniş etirazlarına, eləcə də ksenofobiya hissinin artmasına gətirib çıxarıbdır.