Ağ Ev və konqres nümayəndələrinin iclası yenə də nəticəsiz qalıbdır
Ağ Ev və konqres nümayəndələrinin hökumətin bağlanmasına son qoymaq barədəki iclası yenə də nəticəsiz başa çatıbdır.
Amerika prezidenti Donald Tramp bu gün səhər tezdən iki tərəfin nümayəndələrinin iclasının keçirilməsi və onların müzakirələrinin nəticəsiz olmasından xəbər veribdir.
Tramp twitter-də yazıb ki, müavini Mayk Pensin sədrliyi ilə konqres nümayəndələri ilə keçirilən bu iclasda irəliləyiş əldə edilməyibdir.
Amerika prezidenti cümə günü axşam da konqresin demokrat nümayəndələri ilə görüşdən sonra müxbirlər qarşısında belə demişdi: Meksika ilə sərhəd divarının inşası büdcəsi təmin olunmayan zamanadək hökumət yenidən açılmayacaqdır.
Tramp vurğulayıb ki, Meksika ilə ayırıcı divarın inşasına lazım olan büdcəni təmin etmək üçün federal hökuməti aylar və ya hətta illər boyu tətil halında saxlamağa hazırdır.
Trampın hökuməti Meksikada divar inşası üzrə 5,6 milyard dollarlıq büdcə üstündə konqres ilə razılığın əldə olunmamasına görə, 2018-ci il dekabrın 22-dən etibarən, bağlıdır.
Bu tətil azı 800 min dövlət qulluqçusunun əmək haqqının ödəniilməməsinə və işsizliyə səbəb olubdur.
Maliyyə bazarlarının analitik araşdırması ilə məşğul olan "Standard and Poor’s" müəssisəsinin hesablamalarına görə, Amerika federal hökumətinin bağlanması bu ölkənin ümumi daxili istehsalına həftədə bir milyard 200 milyon dollar zərər vurur.